İyunun 4-də I ixtisas qrupu üzrə keçiriləcək imtahanda 28 min 864 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu barədə Xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanlarda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil olunur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 180 imtahan binası, 3241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 180 ümumi imtahan rəhbəri, 536 imtahan rəhbəri, 4054 nəzarətçi–müəllim, 555 buraxılış rejimi əməkdaşı, 180 bina nümayəndəsi cəlb edilib.