Xəzər Xəbər

Çalışmanın son yaş həddinin 70-ə qaldırılması təklif edilir

Cəmiyyət | 15:10 • 30 May 2023
Çalışmanın son yaş həddinin 70-ə qaldırılması təklif edilir

“Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilmişdir. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər. Son zamanlar isə xüsusi ilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi kəskin, sərt və kütləvi xarakter almışdır. Sanki bu insanlar uzun illər həmin peşənin mütəxəssisi olmamışlar, heç bir bilik və bacarığa malik deyillər kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildriib ki, bu məsələ ilə bağlı xeyli müracətlər var və ona görə müvafiq yumşalmanın tətbiqi vacibdir: “Nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyasi da təxminən minimum pensiya həddindədir və başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli , nə də dövlət əxlaqına sığışdırmaq mümkün deyil. Təəssüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur.

Mənim fikrimcə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarıığı , sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyildir. Bu vətəndaşın konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır. Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın. Əgər bu təklifi Milli Məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda qanun layihəsini hazırlayıb payız sesiyasında müzakirənizə təqdim edə bilərik”.

Xəbər lenti

Çox oxunanlar