“Qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən işçilərin pensiya yaşı 65-dir. 65 yaşı tamam olan mütəxəssislər avtomatik işdən çıxarılır”.
Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.
Məlahət İbrahimqızı deyib ki, Avropa ölkələrində həkimlər 70 yaşa qədər işdə saxlanılır: “Səhiyyə sahəsində təkcə Bakı şəhərində kifayət qədər həkim və tibb işçilərinin vakansiyası var. 65 yaşlı həkim pensiyaya görə işdən çıxarılırsa, 320 manat təqaüdlə nə etsin? Elə təhsil işçiləri barədə də bunu demək istəyirəm”.
Deputat qeyd edib ki, son vaxtlar pensiya yaşına çatanların işlə bağlı müddəti 3 ay, 6 ay uzadılır: “Bu da rüşvətə yol açır. Heç olmasa pensiyaya çıxanları bölgələrdə işlə təmin etsinlər, bölgələrdə kifayət qədər vakansiyalar var. Heç olmasa 65 yaşdan yuxarı həkimləri rayonlara göndərərlər”.
Komitənin sədri Musa Quliyev də bildirib ki, yaş insanın əmək fəaliyyətinə əngəl ola bilməz: “İnsanın sağlamlığı, bilik və bacarığı imkan verirsə, insan əmək fəaliyyətini davam etdirə bilər. Necə ola bilər ki, özəl sektorda 65 yaşı olan həkim işləyə bilər, ancaq dövlət sektorunda işləyə bilməz. Heç olmasa sertifikasiya kimi imtahan da keçirilə bilər. Mən heç 70 yaş senzinin qoyulmasının da tərəfdarı deyiləm. Bu yaxınlarda bir simpoziumda müəllimlərlə bağlı da belə məsələ qaldırıldı. Müvafiq qurumlarla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu məsələ müzakirə edilə bilər”.