Xəzər Xəbər

Çaylarda sululuq artıb

Cəmiyyət | 18:20 • 22 Dekabr 2022
Çaylarda sululuq artıb

Son günlər yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

Xezerxeber.az-ın məlumatına görə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev  bildirib ki, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsi 20, Viləşçayın Şıxlar məntəqəsində 13, Lənkərançayın Sifidor məntəqəsində 11 santimetr artıb. Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Toğana, Gəncəçayın Zurnabad məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 157, Lənkəran-Astara bölgəsi çaylarında 110, Kiçik Qafqaz çaylarında isə 108 faizini təşkil edir.

A.Verdiyev qeyd edib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 158 kubmetr/saniyədir. Bu da ongünlük normanın 108 faizinə bərabərdir. 2021-ci ilin müvafiq dövründə həmin rəqəm saniyədə 156 kubmetr olmaqla ongünlük normanın 107 faizini təşkil edib. Qanıx-Cəlayir məntəqəsində də suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 28 kubmetrdir. Bu da ongünlük normanın 38 faizini təşkil edir. Ötən ilin müvafiq dövründə həmin rəqəm 42 kubmetr/saniyə olmaqla ongünlük normanın 58 faizinə bərabər olub.

Xidmət rəsmisinin sözlərinə görə, Kür çayının aşağı axınında Surra məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə edilib. Hazırda məntəqədə su sərfi saniyədə 106 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 19 faizinə bərabərdir. 2021-ci ilin müvafiq dövründə həmin rəqəm saniyədə 74 kubmetr, ongünlük normanın 13 faizini təşkil edib. Kür-Şirvanda isə suyun səviyyəsi 2 santimetr artaraq 149 santimetr (2021-ci ildə səviyyə 115 santimetr) olub.

Xəbər lenti