Xəzər Xəbər

Məişət zorakılığı ilə bağlı mühafizə orderlərinin sayı artıb

Cəmiyyət | 14:50 • 15 Dekabr 2022
Məişət zorakılığı ilə bağlı mühafizə orderlərinin sayı artıb

2020-ci illə müqayisədə ötən ildə məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilmiş mühafizə orderlərinin sayı artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2021-ci ildə 364 sayda məişət zorakılığından zərərçəkmiş şəxsin müraciətinə baxılıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 15-də keçirilən iclasında təqdim olunan illik hesabatında öz əksini tapıb.

Hesabatda bildirilir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən 69 qısamüddətli (2020-ci ildə bu rəqəm 38 olub), məhkəmələr tərəfindən 4 uzunmüddətli (2020-ci ildə bu rəqəm 2 olmuşdur) mühafizə orderləri verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.

Dövlət komitəsi məişət zorakılığından zərərçəkənlər üçün qeyri-dövlət yardım mərkəzlərinin sığınacaqlarında yerləşdirilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qurumlararası əlaqələndirməni həyata keçirib və onların müdafiəsinin təşkili məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb.

Xəbər lenti