Xəzər Xəbər

Sertifikasiya niyə ibtidai sinif müəllimlərindən başladı?

Elm və təhsil naziri sertifikasiya ilə bağlı bir sıra məsələlərə aydınlıq gədirdi
Cəmiyyət | 10:38 • 15 Dekabr 2022
Sertifikasiya niyə ibtidai sinif müəllimlərindən başladı?

Sertifikasiya imtahanında 60 sual verilib, onlardan 50-si ibtidai sinfə aid suallardır.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ibtidai sinif müəllimlərindən sertifikasiyaya başlamaq təsadüfi deyildi: “Çünki uşaqlar ilk biliklərə ibtidai sinifdə yiyələnir. Bu biliklərə yiyələnmə səviyyəsi də müəllimin öz fənnini bilməsindən asılıdır. Yaxşı xəbər odur ki, bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. Sertifikasiyadan sonra bizim ibtidai sinif müəllimləri arasında qross əməkhaqqımız 1000 manata yaxındır. Düşünürəm ki, bu, çox yaxşı rəqəmdir. Pis xəbər isə odur ki, hər 4 müəllimdən biri öz fənnindən minimal balı toplaya bilməyib. 76 % müəllim - 8787 nəfər müəllim sertifikasiyadan keçib. Çox az sayda müəllimimiz var ki, imtahandan kəsilib. Artıq 10 ilə yaxındır ki, biz müəllimləri imtahanla işə qəbul edirik. Bizim imtahanla işə qəbul etdiyimiz müəllimlərdən biri yoxdur ki, bu imtahandan kəsilsin. Bu, yaxşı xəbərdir. Düşünürük ki, müəllimlərin işə qəbul imtahanı ilə sertifikasiya arasında da əlaqə var”. 

Nazirin fikrincə, sertifikasiyanın nəticəsi belə qəbul olunmamalıdır ki, Azərbaycan müəllimləri pis nəticə göstərib: "Bu, qətiyyən belə qəbul olunmamalıdır. Bizim sualımız 4 müəllimdən birinədir. Rayonlar üzrə paylanma daha maraqlıdır. Biz bu il Bakı, Abşeron, Xızı, Sumqayıt, Siyəzən, Quba, Gəncə və digər rayonları əhatə etmişik. Sertifikasiya zamanı Bakı şəhərində 86 faiz müəllim uğur qazanıb. Yəni 14 %- müəllimimiz uğur qazanmayıb. Amma Samux və Daşkəsəndə cəmi 42 % müəllim uğur qazanıb. Bu, problemdir. 2023-cü il və digər illərdə biz digər bölgələrimizi imtahana cəlb edəcəyik. Bizim 10-20 rayonumuz var ki, Daşkəsəndən, Samuxdan daha aşağı nəticələr gözləyirik. Qax və Zaqatala bölgələrində nəticələrin yüksək olacağını gözləyirik. Amma Mərkəzi Aran, Lənkəran, Astara və Qarabağda nəticələrimiz kifayət qədər aşağı olacaq”.

 

Xəbər lenti

Çox oxunanlar