Xəzər Xəbər

Ürək-damar xəstəliklərindən ölüm halları daha çox infarkt və insult nəticəsində baş verir

Cəmiyyət | 17:04 • 10 Dekabr 2022
Ürək-damar xəstəliklərindən ölüm halları daha çox infarkt və insult nəticəsində baş verir

Ürək-damar xəstəlikləri hər il dünyada baş verən təxminən 17,9 milyon ölüm halının əsas səbəbidir. Ürək-damar xəstəliklərindən ölüm hallarının beşdə dördündən çoxu infarkt və insult nəticəsində baş verir. Həmin ölümlərin üçdə biri vaxtından əvvəl və 70 yaşdan aşağı yaş kateqoriyasındakı insanları əhatə edir.

Xezerxeber.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanov Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresində deyib.

Onun sözlərinə görə, ürəyin işemik xəstəliyi və insult üçün ən yüksək risk amilləri qeyri-sağlam qidalanma, zəif fiziki aktivlik, tütün və alkoqol məhsullarının zərərli istifadəsidir. Risk amillərinin təsiri yüksək qan təzyiqi, yüksək qan şəkəri və ya lipid səviyyələri, artıq çəki və ya piylənmə kimi də özünü göstərə bilər.

Tütün, alkoqol istifadəsini tərgitmək, duz qəbulunu azaltmaq, meyvə-tərəvəz qəbul etmək ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

V.Qurbanov bildirib ki, tibb elminin müasir dövrdə inkişaf etməsinə baxmayaraq, dünyada ölümə və hətta əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yerdə qərarlaşır. Qeyd olunub ki, dünya üzrə ümumi ölüm hallarının təqribən yarısı məhz bu xəstəlik səbəbindən baş verir.

Xəbər lenti

Çox oxunanlar