Xəzər Xəbər

Pensiya təyinatının hesablanması qaydası dəyişir

Qanun layihəsi qəbul edilib
Cəmiyyət | 11:58 • 18 Noyabr 2022
Pensiya təyinatının hesablanması qaydası dəyişir

Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri dəyişir.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Layihəyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.

Bu dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar