Xəzər Xəbər

Nazir: Növbəti ildə pensiyaların orta məbləğində ciddi artım gözləyirik

Cəmiyyət | 17:58 • 4 Noyabr 2022
Nazir: Növbəti ildə pensiyaların orta məbləğində ciddi artım gözləyirik

Növbəti ilin büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılaraq 6 milyard 264 milyon manat məbləğində qiymətləndirilib. Bu isə cari ildəki məbləğdən 658 milyon və ya 12 faiz çoxdur. Bu gəlirlər çərçivəsində məcburi dövlət sosial sığorta üzrə gəlirlər 4 milyard 784 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilə nisbətən 10 faiz və ya 422 milyon manat artıqdır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, transfertin həcmi 1 milyard 468 milyon manat məbləğində müəyyən edilib. Dövlət büdcəsi tərəfindən dövlət öhdəliklərinin ödənilməsi məqsədilə həyata keçirilən bu transfertin ümumi gəlirdəki payı növbəti il ərzində 23 faiz təşkil edəcək.

“Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizi, yəni, 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu da cari illə müqayisədə 12 faiz artım deməkdir. Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907 milyon manat və ya cari ilən 650 milyon manat çox, məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək. Əmək pensiyalarının orta aylıq məbləği cari ildə 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir. Növbəti ildə biz orta məbləğlərdə ciddi artım gözləyirik və yaşa görə göstəricinin 450 manatın üzərinə, ümumilikdə əmək pensiyalarının orta aylıq məbləğinin isə 420 manatın üzərinə çıxacağını proqnozlaşdırırıq.

Xəbər lenti