Xəzər Xəbər

Şirniyyatdan çox istifadə edilməsinin fəsadları

Cəmiyyət | 18:15 • 4 Noyabr 2022
Şirniyyatdan çox istifadə edilməsinin fəsadları

Mağaza və kafe vitrinlərində cürbəcür şirniyyat məhsullarına rast gəlirik. Doğrudur, şirniyyatsız yaşamaq mümkün olmasa da, ifrat dərəcədə şirniyyat qəbulu orqanizm üçün ciddi təhlükə yarada bilər.

Həkim-terapevt Nazilə Xəlilbəyova deyib: “Şirniyyat deyiləndə onun tərkibinə daxil olan karbohidratlar nəzərdə tutulur. Karbohidratın artıq miqdarda qəbulu uşaqdan tutmuş böyüyə qədər hər kəsə ziyandır, çünki o birbaşa mədəaltı vəzə təsir edərək ikinci tip şəkərli diabet xəstəliyinə aparıb çıxara bilər. Oturaq həyat keçirənlər və şəkər xəstəliyinə irsi meyli olanlara şirniyyatın ziyanı həddən artıq çox olur”.

Tərkibində böyük miqdarda şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaqla böyüməkdə olan orqanizmin orqan və beyin fəaliyyəti üçün vacib hesab olunur. Lakin bu, gün ərzində istənilən qədər şirniyyat qəbul edilməsi üçün əsas vermir.

Mütəxəssislərin dediyinə görə, bədən kütlə indeksi normadan aşağı olanların kiçik porsiyalarda şirniyyat qəbul etməsinə icazə verilir. Bədən kütlə indeksi normadan yuxarı olanların şirniyyat qəbuluna kəskin şəkildə qadağa qoyulur. Piylənmə və qaraciyər xəstəliyi olanlar şirniyyatdan istifadə etməyə çox meyilli olurlar. Ona görə də onlara digər dadlandırıcılardan az miqdarda istifadə etmək məsləhət görülür.

Zaman keçdikcə şirniyyatdan asılı olanlarda yorğunluq, depressiya, artıq çəki, maddələr mübadiləsi və diş problemləri yaranır. Ona görə də şirniyyat sevən, eyni zamanda sağlam qidalanmaq istəyənlərə şirniyyatı azaltmaq və meyvə qurularına üstünlük vermək tövsiyə olunur.

Xəbər lenti

Çox oxunanlar