Yeni tədris ilinin başlanması ilə tədris ocaqlarının ətrafında dilənçilər, tüfeylilər artıb. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu şəxslərin arasında narkomanlara da rast gəlmək olur. Bu insanlar əhalinin sıx olduğu yerlərdə dayanaraq vətəndaşlardan pul istəyir, hətta bəzən onlardan yemək üçün nəsə almalarını da xahiş edirlər.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası daxili işlər orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır, polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparır və onları bu fikirdən daşındırmağa çalışırlar.
"Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür."
N.Əliyev bildirib ki, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər əarzilərdə bu cür neqativ hallara rast gəlinir. Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir.
"Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür", - deyə qeyd edib.