Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” elektron hökumət portalının istifadəçilərinin sayı 1 milyonu keçib.
"ASAN" xidmətdən xezerxeber.az-a verilən xəbərə görə, "myGov” portalı şəxsi kabinet əsaslıdır.
Yəni vətəndaşlar 1 dəfə qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaratmış olurlar. Şəxsi kabinet üzərindən isə vətəndaşlar portalda təqdim olunan bütün məlumatlar ilə tanış ola, elektron arayışlar çıxara və onları yükləyə bilər, həmçinin burada təqdim olunan elektron xidmətlərə müraciət edə bilərlər.
Vətəndaşlar portalda qeydiyyatdan keçərək şəxsi kabinetlərini yaratmaqla özlərinə aid təhsil, ailə tərkibi, cərimə, daşınmaz əmlak, etibarnamə, hərbi xidmət, iş yeri, qeydiyyatda olan nəqliyyat vasitələri, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatları əldə edirlər. Onlara dair bu məlumatlar yeniləndikdə, hər hansı sənədin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.
Həmçinin hazırda məlumatları arayış şəklində yükləyərək digər qurumlara ötürmək mümkündür.
Vətəndaşlar “myGov” vasitəsi ilə rəqəmsal xidmətlərdən yararlanmaqla vaxta və xərclərə qənaət etmiş olurlar.
Hazırda portala inteqrasiya edilmiş 19 qurum və 11 portal üzrə 710-dan çox rəqəmsal xidmətdən yararlanmaq mümkündür. İndiyədək portala 53 milyona yaxın giriş olub. Ən çox istifadə olunan xidmətlərə isə iş yeri haqqında arayış, vaksin pasport məlumatları, ailə tərkibi, diplomlar və s. kimi xidmətlər aiddir.
"myGov” portalında vətəndaşın şəxsi kabineti üzərindən fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyəti quruma yönəltmək imkanı var. Bunun üçün portalda “Əks əlaqə” modulu fəaliyyət göstərir.
Burada, həmçinin vətəndaş özü haqqında sistemdə aşkarladığı yanlış məlumatlar barədə müvafiq quruma müraciət edə bilər.
Portala qeydiyyat “ASAN Login” sistemi üzərindən aparılır.