Yarışın startı üçün gün sayan idmançılar sırasına boksçularımız da daxildir. London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı boksçu Teymur Məmmədov da bu mötəbər turnirdə qələbə qazanmaq istəyənlərdəndir.
Teymur Məmmədov açıqlamasımda bu cür yarışda medal qazanmağın vacib olduğunu deyib:
“Təbii ki, I Avropa Oyunları möhtəşəm turnir olacaq. Həmişə demişəm - mənim iki arzum var: Birinci Avropa Oyunlarında qalib olmaq və 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında bayrağımızı qaldırmaq”.
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız Meksikaya təlim-məşq toplanışına yollanıb. Mayın 24-ə kimi davam edəcək hazırlıq prossesində seçməmizin bütün liderləri iştirak edəcək. Toplanışda komandamızla yanaşı, Meksika, Panama, eləcə də həmin bölgədə yerləşən digər ölkələrin boksçularının iştirakı da gözlənilir.
Millimiz Meksikaya baş məşqçi Pedro Rok, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinesin rəhbərliyi altında 17 idmançı ilə yollanıb. İki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, dünya çempionu Cavid Çələbiyev, Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov kimi yığmamızın liderləri hazırlıq prosesinə qatılıblar. WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Abdulqadir Abdullayev də milli komandanın heyətinə cəlb olunublar.