Xəzər Xəbər

I Avropa Oyunları ilə əlaqədar FHN-dəki qərargahda müşavirə

Bakı-2015 | 15:50 • 8 May 2015
I Avropa Oyunları ilə əlaqədar FHN-dəki qərargahda müşavirə

Birinci Avropa Oyunları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində yaradılmış qərargahda müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən xəbərə görə, Bu gün FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində I Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış qərargahda toplantı keçirilib.

FHN-nin təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər üzvləri, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Nazir müavini Etibar Mirzəyev, əvvəlcə, tədbir iştirakçılarına I Avropa Oyunları ilə bağlı Nazirlik tərəfindən yaradılan qərargah haqqında ətraflı məlumat verib. Bakı Olimpiya Stadionu və ətraf ərazinin taktiki-maketi ilə tanış olan tədbir iştirakçıları həm burada, həm də yarışların keçiriləcəyi digər idman arenalarında görülmüş təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıblar. Nazirlik baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün bütün zəruri tədbirləri görüb və bu istiqamətdə Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edir.

Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülmüş işlərdən razılığını bildirərək Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını ifadə edib.

Sonra Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar