Orxan Səfərov rusiyalı Beslan Mudranovla qüvvəsini sınayıb. O, rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
***
17:14
Kişilərin yarışında 60 kq çəkidə Azərbaycanı təmsil edən cüdoçu Orxan Səfərov finala çıxıb.
Xezerxeber.com xəbər verir ki, o, yarımfinalda ispaniyalı Franssiko Qarriqosu məğlub edib.
***
16.47
Bu gün Bakı-2015 I Avropa Oyunları çərçivəsində start verən cüdo yarışlarında Azərbaycan idmançıları da güclərini sınayıb.
Xezerxeber.com xəbər verir ki, kişilərin yarışında 60 kq çəkidə tatamiyə çıxan Orxan Səfərov 1/8 finalda Yan Siçardini (Monteneqro) məğlub edən Azərbaycan əsilli Arif Bağırovu (Belarus) sınağa çəkib.
Görüş həmyerlimizin inamlı qələbəsi ilə başa çatıb. Cüdoçumuz 1/4 finalda isveçrəli Ludovik Çammartinlə münasibətinə aydınlıq gətirib. Rəqibinə qalib gələn Səfərov yarımfinalda ispaniyalı Franssiko Qarriqosla qarşılaşacaq.
66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla güləşib və rəqibini 141 saniyəyə ippona salıb.
Həmyerlimiz 1/8 finalda italiyalı Elio Verde ilə mübarizə aparıb. O, bu döyüşü də aktivinə yazmaqda çətinlik çəkməyib. Nicat bu dəfə 142 saniyəyə mərhələ adlayıb. 1/4 finalda portuqaliyalı Serjiu Oleyniklə qarşılaşan Şıxəlizadə rəqibinin ippon fəndinə mane ola bilməyərək uduzub.
Son anda verilən məlumata görə, cüdoçumuz Nicat Şıxəlizadə təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Milli komandamızın üzvü Ukrayna idmançısı Georgi Zantarayaya qalib gələcəyi təqdirdə bürünc medal uğrunda mübarizə aparacaq.
***
15.39
Bu gün birinci Avropa Oyunlarında cüdo yarışlarına start verilib.
Xezerxeber.com xəbər verir ki, yarışların ilk günündə kişilər arasında 60, 66, qadınların mübarizəsində isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxıblar.
Ən parlaq qələbəni 66 kq çəkidə Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə qazanıb.
Türkiyəli Sinan Sandalı ipponla yarışdan kənarlaşdıran cüdoçumuz səkkizdəbir finalda da eyni uğuru təkrarlayaraq italiyalı Elio Verdedən üstün olub. “Böyük dəbilqə” və Qran-pri yarışlarının qalibi dörddəbir finalda portuqaliyalı Sergey Oleyniklə qarşılaşacaq.
60 kq çəkidə də Orxan Səfərov dörddəbir finala adlayıb. O, 1/8 finalda Yan Siçardini (Monteneqro) məğlub edən Azərbaycan əsilli Arif Bağırovu (Belarus) sınağa çəkib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə başa çatıb. Cüdoçumuz 1/4 finalda isveçrəli Ludovik Çammartinlə münasibətinə aydınlıq gətirəcək.