Xəzər Xəbər

Boks: 4 idmançımız finalda

Bakı-2015 | 14:59 • 26 İyun 2015
Boks: 4 idmançımız finalda

Boksçularımızın qələbə seriyası davam edir. “Baku Crystal Hall”da keçirilən yarışda bu seriyanı 75 kiloqram çəki dərəcəsində çıxış edən Xaybulla Musalov davam etdirib. Bu dəfə Avropa çempionatının mükafatçısı macarıstanlı Zoltan Harcsa boksçumuzun zərbələri qarşısında aciz qalıb. 2:1 hesablı qələbə idmançımızın finala gedən yolunu açıb. Bu mərhələdə o, gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli ilə üz-üzə gələcək.

14:44

Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) Böyük Britaniya idmançısı Yoş Kelliyə qalib gələrək finala adlayıb. Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq.

13:41

Azərbaycan boksçusu Albert Səlimov finala çıxıb.

Boksçumuz Albert Səlimov (60 kq) yarımfinalda İrlandiya idmançısı Sin Makkombu mübarizədən kənarlaşdıraraq finala çıxıb. Görüş 3:0 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb.

O, finalda fransalı Sofian Umia və polşalı Mateuş Polski görüşünün qalibi ilə qarşılaşacaq.

13:32

Azərbaycanın qadın boksçusu Yana Alekseyevna (57-60 kq) finala gedən yolda “Bakı-2015”-in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə gərgin keçən görüşdə 1:2 hesabı ilə məğlub olaraq Avropa Oyunlarında bürünc medalla kifayətlənib.

13:20

 

İyunun 26-da “Baku Crystal Hall”da keçirilən boks yarışlarının on birinci günü yarımfinal görüşləri ilə start götürüb.

Bu gün rinqə 57-60 kiloqram çəki dərəcəsində qadın, 60, 69, 75 və 91 kiloqramlarda isə kişi boksçular çıxacaqlar.

Azərbaycanın qadın boksçusu Yana Alekseyevna (57-60kq) finala gedən yolda Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə görüşəcək. Bu çəkidə digər yarımfinal görüşündə Fransa idmançısı Estel Mosli və almaniyalı Taşeena Buqar görüşəcəklər.

Kişi boksçuların mübarizəsində Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulacaq. 60 kiloqramda çıxış edən Albert Səlimov qızıl uğrunda mübarizəsini davam etdirmək üçün irlandiyalı Sin Makkomba qalib gəlməlidir.

Pərviz Bağırov (69 kq) Böyük Britaniya idmançısı Yoş Kelli ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər idmançımız Xaybulla Musalovun (75) yarımfinaldakı rəqibi isə macarıstanlı Zoltan Harcsa olacaq.

Səhər saatlarında Azərbaycan boksçularından son döyüşü 91 kiloqramda Abdulqadir Abdullayev rusiyalı Sadam Maqomedova qarşı keçirəcək.

Axşam saatlarında isə 5 çəki dərəcəsində final görüşləri keçiriləcək.

Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə qızıl medal qazanmaq üçün italiyalı Vinçenzo Pikardini məğlub etməyə çalışacaq.

İkiqat Azərbaycan çempionu Kollazo Sotomayorun (64kq) da finalda rəqibi İtaliya boksçusu olacaq. O, Vinçenzo Manyakapre ilə qızıl medalın taleyinə aydınlıq gətirəcək.

Xəbər lenti

Çox oxunanlar