Xəzər Xəbər

"Bakı 2015": Paracüdoçularımızdan daha bir medal

Bakı-2015 | 20:30 • 26 İyun 2015
"Bakı 2015": Paracüdoçularımızdan daha bir medal

Avropa Oyunlarında gözdən əlil cüdoçuların yarışında daha bir təmsilçimiz medal qazanıb.

Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında təmsilçilərimizdən biri - Zakir Mislimov 3-cü yer uğrunda görüşə çıxıb. Bürünc medal uğrunda qarşılaşmada onun rəqibi Yunanıstan təmsilçisi Klimis Papaxristos olub.

Görüş ərzində fəal güləşən təmsilçimizin qarşısında rəqibi 3 şido cərimə xalı ilə yadda qalıb. Sonda isə rəqibini ipponla qiymətləndirilən fəndə salan Zakir vaxtından əvvəl qalib gələrək Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Z.Mislimov bundan əvvəl 1/4 finalda ukraynalı Oleksandr Pominova məğlub olmuş, bürünc medal uğrunda təsəlliverici görüşdə isə Fransa paracüdoçusu Jülyen Torinesə qalib gəlmişdi.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, paralimpiyaçıların yarışı baş tutur. Cəmi bir gün keçirilən paracüdoçuların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edib. Onlardan 57 kq-dək çəki dərəcəsində çıxış edən qadın gözdən əlil cüdoçumuz Səbinə Abdullayeva Oyunların gümüş medalını qazanıb. Kişi paracüdoçularımızdan 90 kq-dan artıq çəkidəki digər təmsilçimiz İlham Zəkiyev isə az sonra yarışların qızıl medalı uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu gün cüdo yarışlarına ümumilikdə Azərbaycanın 8 idmançısı qoşulub. Onlardan 5 nəfəri - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) mübarizəni erkən mərhələlərdə dayandırıblar.

Xəbər lenti