90 kq çəkidə yarışan Ramin Qurbanov 1/16 finalda portuqaliyalı Çelio Diasla qarşılaşıb. Rəqib ipponla məğlub olub.
12:37
100 kq çəkidə Azərbaycanı təmsil edən Elxan Məmmədov 1/16 finalda Zlatko Kumriçlə (Xorvatiya) qarşılaşıb. İdmançımız ippon fəndiylə təmiz qələbə qazanıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirəcək.
11:55
Bakı 2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir. Bu gün daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaq.
Bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Amma bir çəkidə (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək. Əvəzində
bir çəki dərəcəsində iki idmançı ilə təmsil olunacağıq.
Cüdo
27 iyun
Kişilər
90 kq
Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov bu mərhələdən yarışa qatılacaq portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.
100 kq
Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz saat 12:24-də 1/16 final görüşünə çıxacaq. 33 yaşlı idmançımızın rəqibi özündən 12 yaş kiçik olan Zlatko Kumriç (Xorvatiya) olacaq.
Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirəcək və növbəti mərhələdəki rəqibini gözləyəcək. O, 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan millisinin kapitanının görüşü 13:54-ə təsadüf edəcək.
+100 kq
Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Təmsilçimiz saat 12:06-da başlayacaq bu görüşü qalib kimi tamamlaya bilsə, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili sınağına çıxacaq.
Qadınlar
78 kq
Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 final mərhələsində özündən qat-qat təcrübəli cüdoçu ilə görüşəcək. 18 yaşlı idmançımız dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. O, saat 12:42-də startı veriləcək görüşdən qalib ayrılarsa, 1/8 finalda London Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu titulu olan Odrey Seumeoya (Fransa) rəqib olacaq.
Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov finalda məğlub olub.