Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab Hikki, Prezident İlham Əliyevin Sərəncamı ilə yüksək dövlət mükafatlarından olan "Şərəf" ordeni ilə təltif edildiniz. Sizin bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı..
- Bu, mənim üçün şərəfdir. Bu yüksək mükafata görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Mən bu Ordeni ən dəyərli mükafat kimi qiymətləndirirəm. Ordeni Prezident İlham Əliyevin təqdim etməyi isə mənim üçün ikiqat əlamətdardır. Biz birlikdə uzun yol qət etmişik. Bu, mənim üçün inanılmaz dərəcədə böyük nailiyyətdir və bundan çox qürurlandım. Mən “Bakı-2015” ilk Avropa Oyunları sayəsində gözəl Azərbaycanı və qonaqpərvər azərbaycanlıları yaxından tanıdım. Mən Bakını ikinci evim hesab edirəm, hər kəsdən ehtiram görürəm. Bütün Avropadan mənə Oyunların təşkili, keçirildiyi arenalar, yarışların yüksək səviyyəsi və azərbaycanlıların qonaqpərvərliyi ilə bağlı çox müsbət fikirlər bildirirlər.
- Sizin səyləriniz sayəsində Azərbaycan ilə Avropa Olimpiya Komitəsi arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələrin tarixi, ümumiyyətlə hazırki vəziyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan ilə AOK arasında yüksək səviyyəli əlaqələrin mövcudluğundan məmnunluq duyuram. Azərbaycan bizə vəd etdiyindən daha yüksək səviyyədə Oyunlar təqdim etdi. “Bakı-2015" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi peşəkar əməkdaşların dəstəyi ilə böyük işin öhdəsindən layiqincə gəldi. Avropa Oyunlarının Əməliyyat Komitəsi bacarıqlı gənclərin yetişdirilməsində yardımçı oldu. Düşünürəm ki, bu Oyunların daha bir möhtəşəm mirası ondan ibarətdir ki, gəncləriniz bundan sonra da istənilən növdə beynəlxalq tədbirlərə sərbəst şəkildə təşkilatçılıq edə biləcəklər. Onlar artıq yüksək bacarıqlı, təcrübəli peşəkarlardır və məncə, bu, hər kəsi sevindirə bilər. Bu, Azərbaycanın gələcəkdə daha yaxşı mövqeyə çıxmasına təsirini göstərəcək. Beləliklə, ölkəniz xaricdən mütəxəssis cəlb etmədən, püxtələşmiş gəncləri ilə bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməyi bacaracaq.
- Avropa Oyunlarının perspektivləri ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Oyunların perspektivləri olduqca müsbətdir. 2019-cu ildə Avropa Oyunlarına ev sahibliyi etmək istəyən şəhərlərin sayı həddən artıq çoxdur. Hətta qeyd edim ki, biz şəhərlərin bolluğuna düşmüşük. Artıq iki şəhər 2023-cü ildə Oyunlara ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Qeyd etdiyim kimi, biz balansı qorumalıyıq. Növbəti Avropa Oyunlarının Qərbdə olacağını düşünürəm. Avropada idmana nəinki yeni prizmadan baxılır, o cümlədən Avropa Oyunlarını keçirməklə idman hərəkatı əlavə məzmunla zənginləşir. Qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir.
Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı deyil. Bu Oyunlar innovativliyi və adi yarışlardan fərqli olaraq müxtəlif idman növləri ilə seçilir. Oyunların gələcəyi parlaqdır.
- Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarından, ümumiyyətlə, yarışları yerli və xarici medianın işıqlansırmasından razısınızmı?
- Birinci Avropa Oyunlarının Bakının ev sahibliyi ilə keçirilməsi böyük arzunun gerçəkləşdirilməsi deməkdir. İnanılmaz dərəcədə mükəmməl bir işin şahidi olduq. Mən Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xidmətlərini və töhfələrini xüsusi qeyd etmək istərdim. Təşkilat Komitəsinin sədri olaraq birinci xanım Mehriban Əliyeva hər bir görüşə gəlir, hər bir məsələ ilə yaxından maraqlanır, işlərin yüksək peşəkarlıqla həyata keçirilməsinə xüsusi diqqət yetirir. Mehriban Əliyeva parlaq zəkaya, dərin istedada malik xanımdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birgə işləmək bizim üçün böyük şərəfdir və mən bundan çox məmnunam.
- Hansı İdman Federasiyaları gələcəkdə Avropa çempionatlarının ilk Avropa Oyunları çərçivəsində keçirilməsinə razılıq verib?
- Cüdo üzrə Avropa Çempionatının Avropa Oyunları çərçivəsində keçirilməsi qərara alındı. Lakin daha dörd idman növü üzrə Avropa çempionatının növbəti Avropa Oyunları tərkibində keçirilməsi mümkündür. Artıq dörd idman federasiyası müraciətlərini edib. İlk dəfə keçirilməsinə baxmayaraq Avropa Oyunları beynəlxalq miqyasda kifayət qədər imic qazanıb. Bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izlədi. İştirakçı 50 ölkədən 42-si medal qazandı. Bu, artıq Oyunların uğuru deməkdir. Oyunların təbliğində medianın da rolu vacibdir. Bir daha qeyd edim ki, qitə idmançıları, tanınmış atletlər Oyunlara qatılmağı səbirsizliklə gözləyirlər.
- Növbəti Oyunlarda hansı sahələr inkişaf etdirilə, hansı yeni innovasiyalar tətbiq edilə bilər və Azərbaycanın birinci Avropa Oyunlarına verdiyi töhfələri necə qiymətləndirirsiniz?
- Təbii ki, müraciət edən şəhərlərdən çox şey asılıdır. Müraciət edən hər şəhərin istəkləri var. Biz bunları nəzərdən keçiririk. Oyunlara ev sahibliyi edən hər bir ölkə, əlbəttə, ona öz mədəniyyətindən, incəsənətindən bəzi çalarlar qatır. Bu da yarışları daha cəlbedici edir. Hər bir ölkənin arzusunun gercəkləşdirilməsinə çalışırıq. Biz heç bir ölkəyə diktə edə bilmərik. Bu idman yarışlarıdır və biz Oyunların yüksək peşəkarlıqla keçirilməsinə çalışırıq. Hər kəs Azərbaycanda möhtəşəm idman bayramının şahidi oldu. Azərbaycan sanki bir körpənin dünyaya göz açmasına imkan yaratdı. Bu körpə artıq dünyaya göz açdı və beləliklə, uğurla böyüyəcək və inkişaf edəcək. Azərbaycan vəd etdiyindən də yüksək səviyyədə Oyunlar nümayiş etdirdi və bu, bizim gözlədiyimizdən də heyrətamiz oldu. Mən bir daha bəyan edirəm ki, Azərbaycan bundan daha böyük yarışlara ev sahibliyi etməyə qadirdir.
İnnovasiyalara gəlincə, deməliyəm ki, növbəti Avropa Oyunlarında akrobatika və gimnastika üzrə yeniliklər tətbiq olunacaq.