Xəzər Xəbər

Yeni maska məcburiyyəti ilə bağlı vacib açıqlama

Cəmiyyət | 12:57 • 23 Noyabr 2020
Yeni maska məcburiyyəti ilə bağlı vacib açıqlama

Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejimində (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.


Qərarın verilməsi artıq cəmiyyət arasında narahatlıq yaratmağa başlayıb. Belə ki, bütün gün maskadan istifadə etməyin insan orqanizminə əks təsirinin olacağını düşünənlər kifayət qədərdir.


 

Bəs, maraqlıdır, doğurdan da bütün gün tibbi maskadan istifadə əks təsir göstərə bilər?


 

Məsələ ilə bağlı danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bütün gün maskadan istifadənin ilk başlarda ağciyər xəstəliyi olan insanlar üçün problemli olacağını bildirib:



"Hələ ki, peyvənd tam hazır olmadığına görə açıq havada belə maska taxmaqdan başqa çarə yoxdur. Gün ərzində mütəmadi maska istifadə etmək ilk başlarda ağciyər xəstəlikləri olan insanlarda problem yarada bilər. Amma onlar da davamlı maska istifadə etdikdən sonra orqanizm adaptasiya olur və narahatlıq aradan qalxır. Müqayisə etsək görərik ki, ağciyər xəstəliyi olan insanın maska taxmamış virusa yoluxması daha təhlükəlidir nəinki gün ərzində maksadan istifadə etməsi".


A.Əliyev dekorativ maskaların qoruyuculuq qabiliyyətinin olmadığına da diqqət çəkib:



"Maskada qoxu, tozlanma olduqda mütləq dəyişdirilməlidir. Maskanın qoruyuculuğu o zaman itir ki, o artıq nəmlənməyə başlayır. İndi də payızdır, yağışlı havadır və maskanın nəmlənməsi normaldır. Buna görə çalışıb tez-tez maskanı dəyişməliyik. İndi müşahidə edirik ki, insanlar müxtəlif formalı dekorativ maskalardan ya da ev üsulunda necə gəldi hazırlanan maskalardan istifadə edirlər. Bu tip maskalardan istifadəni qətiyyən tövsiyə etmirəm. Yanlız tibbi maskadan istifadə etmək məsləhətdir. Çünki bu tip maskaların burun hissəsində metal hissəscik var və həmin metalın köməyi ilə maskanı müəyyən formaya salmaq olur ki, bununla da ağız və buruna açıq hava getmir. Lakin digər maskalarda bu metal hissəcik olmadığına görə açıq qalan hissələrdən hava damcıları keçməyə başlayır"./Sfera.az

Xəbər lenti