Xəzər Xəbər

Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turuna start veriləcək

İdman | 13:05 • 19 Sentyabr 2020
Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turuna start veriləcək

Sentyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna start veriləcək.


Xezerxeber.az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı Qəbələ şəhər stadionunda oynanılacaq. Saat 17:00-da başlayacaq görüşdə "Qəbələ” komandası "Keşlə”ni sınağa çəkəcək.


Günün ikinci görüşü "Kapital Bank Arena”da baş tutacaq. "Sumqayıt” öz meydanında "Səbail” klubunu qəbul edəcək. Qarşılaşma saat 19:15-də start götürəcək.


Turun digər oyunu sentyabrın 20-də Zirə İdman Kompleksində keçiriləcək. "Zirə” - "Sabah” qarşılaşması saat 18:00-da başlayacaq.


Çempionatın üçüncü turuna həmin gün saat 20:15-də başlayacaq "Qarabağ” - "Neftçi” görüşü ilə yekun vurulacaq. Qarşılaşma "Azərsun Arena”da oynanılacaq.


Turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.


İki turdan sonra "Qarabağ”, "Zirə” və "Keşlə” klubları 4 xal toplayıblar. "Sabah”, "Sumqayıt” və "Neftçi” klublarının aktivində 3, "Qəbələ” klubunun isə 1 xal var. Çempionatın ilk iki turunda uduzan "Səbail” sonuncu – səkkizinci yerdə qərarlaşıb.

Xəbər lenti