Xəzər Xəbər

Smart-kart tipli sayğacları olanlara XƏBƏRDARLIQ Qazsız qala bilərsiniz

Gündəm | 14:30 • 5 İyun 2020
Smart-kart tipli sayğacları olanlara XƏBƏRDARLIQ

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejiminin tətbiq olunacağı iki gün ərzində "Azəriqaz” İstehsalat Birliyinin qəza xidməti ilə məşğul olan əməkdaşları abonentlərə xidmət göstərəcək, müraciətlər cavablandırılacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə "Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

"Nazirlər Kabinetinin qərarına uyğun olaraq, "Azəriqaz” İstehsalat Birliyi digər kommunal xidmətlər göstərən qurumlar kimi xidmət göstərəcək. Amma olduqca məhdud sayda işçilərlə işləyəcəyik. Qərarda və ondan irəli gələrək göndərilən rəsmi məktublarda da qeyd olunur ki, abonentlərin qazla təminatı üçün zəruri tədbirlər icra olunacaq. Bunun üçün qəza xidmətində çalışan əməkdaşlarımız iş başında olacaqlar”, - o deyib.

Qurumun sözçüsü abonentlərin 104 və 185 saylı Çağrı Mərkəzinə, həmçinin 077 310 41 04 saylı daim aktiv rejimdə olan "WhatsApp” nömrəsinə müraciət edə biləcəklərini qeyd edib.

O, əvvəlcədən ödənişli Smart-kart tipli sayğaclardan istifadə edən abonentlərə də müraciət edərək iki gün ərzindəki limitlərini indidən hesablamağa çağırıb.

"Smart-kart tipli sayğaclıardan istifadə edən abonentlərimizə müraciət edərək bildirirəm ki, sayğaca baxsınlar, sayğacdakı məbləğ iki gün üçün kifayət etməyəcəksə, bu gün ödəniş terminalları vasitəsilə kartlarına vəsait daxil etsinlər. Abonentlərimizdən bizim çox məhdud sayda çalışdığımızı, hər kəsə yardım etməkdə çətinlik çəkə biləcəyimizi nəzərə almalarını xahiş edirik. İki gün ərzində kartlarındakı məbləğin bitəcəyini ehtimal edən abonentlər bu gün limiti artırsınlar”, - "Azəriqaz” rəsmisi qeyd edib.

Xəbər lenti