Xəzər Xəbər

Ünvanlı sosial yardım artıq belə veriləcək YENİ QAYDALAR

Gündəm | 11:11 • 5 İyun 2020
Ünvanlı sosial yardım artıq belə veriləcək

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımla bağlı edilən yenilikləri açıqlayıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qəbul edilən yeni qanun layihəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım proqramının şərtlərinin yumşaldılmasına və proqramın əhatə dairəsinin genişlənməsinə xidmət edir.

Sənəddə Qanunun 5 maddəsinə 11 dəyişikliyin edilməsi və 10-cu maddənin yeni redaksiyada verilməsi əksini tapır.

Nəzərdə tutulan yeniliklərdən biri budur ki, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq. Yəni ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır, ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək.

Həmçinin sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihədə yer alıb.

Eyni zamanda, "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihəsi də artıq hazırlanıb.

Bu Qaydalarda da ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması nəzərdə tutulub. Hazırda ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olduqda sosial yardım təyinatından imtina edilir.

Bu istiqamətdə də dəyişiklik kimi, həmin nisbət 10 faizdən 15 faizə çatdırılır.

Daha bir yenilik kimi, ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayı da əhıəmiyyətli dərəcədə azaldılacaq. Yəni elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların vətəndaşlar tərəfindən ərizə-bəyannamədə bəyan edilməsi tələbi aradan qalxacaq. (Məsələn, ailəni təmsil edən şəxsin sosial yardım üçün müraciət edəkən onun özünün və ailə üzvlərinin pensiya, müavinət, təqaüd və s. ilə təmin edilib-edilmədiyinə dair məlumatları daxil etməsinə ehtiyac qalmayacaq)

Beləliklə, həm ünvanlı sosial yardımın aztəminatlı ailələr üçün əlçatanlığı asanlaşacaq, həm də ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılacaq.

Xəbər lenti