Xəzər Xəbər

Koronavirusa tutulmuş pasiyentə ağciyər köçürülüb

Dünya | 15:55 • 24 May 2020
Koronavirusa tutulmuş pasiyentə ağciyər köçürülüb

Avstriya həkimləri Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüblər.


Vyana Ümumi Xəstəxanasında aparılan transplantasiya əməliyyatı uğurla başa çatıb. Xəstəxanadan bildirilib ki, COVID-19 xəstəliyinə tutulmuş xəstənin müalicəsi heç bir nəticə vermədikdən sonra, həkimlər transplantasiya əməliyyatına qərar veriblər.


45 yaşlı xəstənin sağalması üçün bütün ümidlərini itirən həkimlər onun süni tənəffüs aparatının köməyi ilə cəmi bir neçə gün yaşaya biləcəyini düşünüblər. Xəstənin fiziki göstəricilərinə uyğun donor ağciyərlərinin gözlənilmədən xəstəxanaya qəbul edilməsindən sonra cərrah heyəti xəstənin ailə üzvlərinə son şans olaraq riskli əməliyyatı təklif ediblər.


Mayın 18-də baş tutan əməliyyatdan sonra xəstənin vəziyyəti artıq sabitləşib. Koronavirus infeksiyasına yoluxmazdan əvvəl heç bir xəstəlikdən əziyyət çəkməyən xəstənin tezliklə sağalacağına ümid edilir.


Qeyd edilməlidir ki, bu əməliyyat Vyana Ümumi Xəstəxanasının Ağciyər Transplantasiyası Mərkəzinin həyata keçirdiyi sayca iki mininci ağciyər köçürülməsi əməliyyatıdır. (AZƏRTAC)

Xəbər lenti