Xəzər Xəbər

Hər bir vətəndaş 90 MANAT ÖDƏYƏCƏK: aprelin 1-dən etibarən...

Gündəm | 11:52 • 17 Yanvar 2020
Hər bir vətəndaş 90 MANAT ÖDƏYƏCƏK:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda müştərək maliyyələşmə məbləğinin tətbiqinə hansı ərazilərdən və hansı formada başlayacağını açıqlayıb.

XəzərXəbər xəbər verir ki, Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq. Lakin bu mexanizm həmin tarixdən bütün ölkə üzrə tətbiq edilməyəcək. Yeni mexanizm yalnız icbari tibbi sığorta sisteminin tətbiq olunacağı əraziləri əhatə edəcək. Başqa sözlə, icbari tibbi sığorta sisteminin tətbiq olunacağı ərazilərin əhatə dairəsi genişləndikcə, paralel olaraq, müştərək maliyyələşmə mexanizminin tətbiq ediləcəyi rayon və şəhərlərin də sayı artacaq. İcbari tibbi sığorta sistemi tətbiq edilməyən ərazidə yaşayanlar isə bu sistem həmin ərazidə tətbiq edilənə qədər ətraf rayon və şəhərlərin tibb müəssisələrindəki xidmətlərdən müştərək maliyyə məbləği ödəmədən istifadə edə biləcəklər.

Agentlikdən qeyd edilib ki, birinci mərhələ üzrə artıq 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta 23 regionda tətbiq olunur. Qeyd olunan regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. Eyni zamanda 1 yanvar tarixindən Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta tətbiq edilir. Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.

İkinci mərhələdə 1 aprel tarixindən 21 region – Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sözügedən sistemə qoşulacaq.

1 aprel tarixindən müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanıldığı üçün artıq həm birinci, həm də ikinci mərhələdə icbari tibbi sığorta sisteminə qoşulan regionlarda müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq.

Üçüncü mərhələdə bu mexanizm 1 iyul tarixindən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılan 15 regionda - Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad, Cəbrayılda həyata keçiriləcək.

Dördüncü mərhələdə - 1 oktyabr tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortadan istifadə edəcək.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri Xidmətlər Zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir.

Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 manat, qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsi daxilində (qeydiyyatda olduğu inzibati ərazi istisna olmaqla) digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30, tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Vətəndaş tərəfindən Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə uyğun olaraq (ilkin olaraq ailə həkiminə müraciət olunduqda, ailə həkimin göndərişi əsasında ixtisaslı həkimə müraciət olunduqda) icbari tibbi sığorta təminatı çərçivəsində ixtisaslaşdırılmış ambulator tibbi yardım (KT, MRT xidmətləri istisna olmaqla), stasionar tibbi yardım, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödəməyəcək.

Xəbər lenti