Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Novxanı çimərliyi ərazisində növbəti reyd keçiriblər.
Nazirliyin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyənləşib.
Faktla bağlı "Azərsu”nun Bağlar su-kanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib.
Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan "məcburi göstəriş” verilib.