Xəzər Xəbər

Ermənistan- Azərbaycan sərhədində nə baş verir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Veb TV | 20:19 • 16 Avqust 2019
Ermənistan- Azərbaycan sərhədində nə baş verir? -

Azərbaycan sərhədçiləri təmas xəttində bir-neçə mövqedə irəliləyib və strateji yüksəklikləri əldə edib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Aparat rəhbərinin sözlərinə görə, hazırda Ermənistan- Azərbaycan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunur: "Bu, böyük prosesin başlanğıcıdır və davam edəcək".

Elçin İbrahimov deyib ki, şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda burada xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib: "Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə iki hərbi qulluqçu yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri nəticəsində onlar xilas edilib və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub".

Mətbuat konfransında o da bildirilib ki, Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır. Bu isə Ermənistanı narahat edir. Aparat rəhbərinin sözlərinə görə, DSX tərəfindən Qazax və Ağstafanın Ermənistanla sərhəd bölgələrində düşmənin təxribatlarına lazımi cavablar verilib.

Elçin İbrahimov qeyd edib ki, sərhədçilər tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində uğurlu əməliyyatlar olub.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu və 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb. Bu dövrdə külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti