Xəzər Xəbər

Sürücülərə MÜHÜM XƏBƏRDARLIQ: əgər bunu etməsəniz... - VİDEO

Veb TV | 15:45 • 25 İyun 2019
Sürücülərə MÜHÜM XƏBƏRDARLIQ:

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Müşahidələr göstərir ki, bəzi avtonəqliyyat vasitələrinin sürücüləri hadisə yerinə tələsən yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol vermirlər. Bu isə, son nəticədə, baş vermiş yanğın və digər fövqəladə hadisənin qarşısının operativ alınması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Xatırladırıq ki, belə davranışla həmin sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hüquqi məsuliyyət daşımaqla yanaşı, həm də yanğın və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə mənəvi məsuliyyət daşıyırlar. Odur ki, hər bir avtonəqliyyat vasitəsi sürücüsü daşıdığı məsuliyyəti dərk etməli və operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə şərtsiz və dərhal yol verməlidir.

Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb".

Xəbər lenti