Xəzər Xəbər

Messi rekordu təkrarlayıb və Mbappedən uzaqlaşıb

İdman | 09:57 • 20 May 2019
Messi rekordu təkrarlayıb və Mbappedən uzaqlaşıb

İspaniya çempionatında mövsümün son oyun günündə "Eybar”ın (2:2) qapısına iki qol vuran Lionel Messi La Liqanın bombardiri adını rəsmiləşdirib.


"Barselona”nın hücumçusu buna 36 qolla nail olub.


Böyük üstünlüklə hamını qabaqlayan argentinalı ardıcıl 3-cü, ümumilikdə 6-cı dəfə İspaniyada ən yaxşı bombardir olub. Onun komanda yoldaşı Luis Suares və "Real”lı Kərim Benzema hərəyə 21 dəfə fərqlənib.


L.Messi La Liqanın tarixində ən çox bombardir olan Telmo Sarranın rekordunu təkrarlayıb. Hər iki futbolçu 6 dəfə bunu bacarıb. Uqo Sançes, Alfredo di Stefano və Kininin 5, Ferens Puşkaşın 4 belə mükafatı var.


Cənubi amerikalı Avropa ölkələrinin liqalarında ən çox qol vuran futbolçu üçün təsis olunan "Qızıl buts” uğrunda mübarizədə də üstünlüyünü artırıb. 36 qolla 72 xal toplayan L.Messini yalnız Killian Mbappe keçə bilər. Bunun üçün hesabında 32 top olan fransalı hücumçu mövsümün son turunda PSJ-nin "Reyms”lə görüşündə 5 dəfə fərqlənməlidir.


1. Lionel Messi (Barselona): 36 qol (x2,0) / 72 xal

2. Kilian Mbappe (PSJ): 32 qol (x2,0) / 64 xal

3. Fabio Kvalyarella (Sampdoriya): 26 qol (x2,0) / 52 xal

4. Mbaye Diaqne (Qalatasaray): 30 qol (x1,5) / 45 xal

5-11. Məhəməd Salah (Liverpul): 22 qol (x2,0) / 44 xal

5-11. Robert Levandovski (Bavariya): 22 qol (x2,0) / 44 xal

5-11. Nikola Pepe (Lill): 22 qol (x2,0) / 44 xal

5-11. Duvan Sapata (Atalanta): 22 qol (x2,0) / 44 xal

5-11. Pyer-Emerik Obameyanq (Arsenal): 22 qol (x2,0) / 44 xal

5-11. Sadio Mane (Liverpul): 22 qol (x2,0) / 44 xal

5-11. Kşiştof Pentek (Milan): 22 qol (x2,0) / 44 xal


Qeyd edək ki, "Qızıl buts” uğrunda mübarizədə futbolçuların hesabındakı qol sayı çıxış etdiyi liqanın əmsalına vurulur. (ONA)

Xəbər lenti