Xəzər Xəbər

Azərbaycanda ən qorxunc küləklər NƏ ZAMAN OLUB: 8 metrlik dalğa, 40 m/saniyə...

Gündəm | 18:24 • 17 Yanvar 2019
Azərbaycanda ən qorxunc küləklər NƏ ZAMAN OLUB:

"Güclü küləklər Xəzər dənizi rayonunda dəfələrlə təkrarlanıb. Hazırda da proqnozlaşdırıldığı kimi respublika ərazisində, xüsusən dənizdə güclü külək müşahidə edilir”.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometrologiya Departamentinin direktor müavini Əkbər Əsgərov məlumat verib.

Ə.Əsgərov son illərdə ən güclü küləklərin qeydə alındığı illər barədə də danışıb:

"2007-ci ilin fevral ayında belə güclü külək müşahidə edilib. Neft daşları dəniz rayonunda, "28 May” yatağında küləyin sürəti 35m/san-yə çatıb, dənizdə dalğanın hündürlüyü 7.7 metrə çatıb. 2012-ci ildə də sürəti 35 m/san olan güclü külək qeydə alınıb. Həmin il də "28 May” yatağında dalğanın hündürlüyü 7.5-7.8 metrə qalxıb. 2013-cü ildə 35 m/san külək qeydə alınıb. Ən təhlükəli külək 2015-ci ilin dekabrında "28 May”, "Neft daşları” dəniz rayonunda küləyin sürəti 40m/san-yə çatdı. "28May” yatağında dalğanın hündürlüyü 8.6 metr, "Neft daşları” dəniz rayonunda 8.5metrə çatdı. 2016-cı ilin dekabrında da küləyin sürəti 34 m/san–yə çatdı. Bütün bu küləklər əsasən şimal istiqamətli olur. Bu gün də həmin güclü küləklər gözlənilir. Artıq proses başlayıb. Dənizdə "Günəşli” yatağında küləyin sürəti 30m/san-yə çatıb, Maştağa ərazisində küləyin sürəti 35 m/san qeydə alınıb, bu zaman dalğanın hündürlüyü 5 metrə yüksəlib. Küləyin sürəti hər saat bir az daha yüksəlir. Axşama doğru küləyin sürətində, əsasən dəniz rayonunda artım gözlənilir.

Ə.Əsgərov bildirib ki, bu cür hava şəraiti əsasən noyabr, dekabr, yanvar aylarında müşahidə edilir.

"İyul ayında da güclü küləklərə rast gəlinir. Lakin ilin soyuq aylarında şimaldan gələn hava kütlələrinin təsirindən güclü külək müşahidə edilir. 35 m/san-dən yüksək külək əsasən dənizdə müşahidə edilir. Sahildə isə küləyin maksimum sürətinin 35 m/saniyə çatması gözlənilir. Axşama doğru sürət bir az da artacaq. Hazırda yalnız Maştağa stansiyasından alınan məlumatda küləyin sürətinin 35 m/san çatdığı qeydə alınıb”.

Xəbər lenti