Xəzər Xəbər

Diqqət! Sabah ən şiddətli külək bu ərazidə olacaq

Gündəm | 18:07 • 16 Yanvar 2019
Diqqət!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükələ yarada bilən şiddətli küləklə bağlıdır. Bununla əlaqədar Dövlət Dəniz Adminstrasiyasına, Neft Şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sabah Bakıda gözlənilən şiddətli külək, çovğunla bağlı danışarkən bildirib.

"Yəni xəbərdarlıq ona görə tam təfsilatı və dəqiqliyi ilə verilib ki, əsasən dənizdə işləyənlər əvvəlcədən vəziyyətin ciddiliyindən xəbərdar olsun və bədbəxt hadisələr baş verməsin. Amma Bakıda və Abşeron yarmadasında da güclü külək əsəcəyi, sulu qar yağacağı, temperaturun 10 dərəcəyədək aşağı düşəcəyi gözlənilir. Temperaturun birdən-birə 10 dərəcəyədək aşağı düşməsi də fəsadlara səbəb ola bilər”.

İ.İbrahimova bildirib ki, işıq, qaz, digər kommunal təsərrüfatlar üçün bu məlumat hazırlıq xəbərdarlığıdır:

"Güclü küləyin olacağı məlumatı həm də şəhərdə istehsalat zonalarında, tikintilərdə işləyənlərə xəbərdarlıqdır ki, qabaqlayıcı tədbirlər görülsün, hündür mərtəbələrdə iş aparılmasın, kranların işi dayandırılsın. Elə vətəndaşların özləri də bilsinlər ki, belə küləkli hava şəraitində ağacların, dirəklərin aşması təhlükəsi yarana bilər, buna görə də ehtiyatlı olsunlar”.

Nazirlik sözçüsü nazirliyi belə heyəcanlı məlumatı yaymaqda qınayanlara da cavab verib:

"İnsanlar müəyyən təhlükələrdən əvvəlcədən xəbərdar olsa, güclü və çevik olar, gözlənilən təhlükədən özünü qoruya bilər. Yəqin dənizdə neftçilərin güclü külək nəticəsində faciə ilə üzləşməsi hamının yadındadır. Bütün bunların baş verməməsi və insanların işlərini havaya uyğun qurmaları üçün əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir”.

Xəbər lenti