Xəzər Xəbər

Azərbaycanda dəfnetmə qaydaları dəyişdi: Pulsuz olacaq

Gündəm | 14:58 • 14 Dekabr 2018
Azərbaycanda dəfnetmə qaydaları dəyişdi:

Qəbir yerləri pulsuz olacaq, baş daşları isə 1 metrdən böyük olmayacaq...


Xəbər verildiyi kimi, Azərbaycanda yeni "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" tətbiq olunmağa başlayıb. Bir neçə gün əvvəl baş nazirin əmri ilə qüvvəyə minən yeni qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. Yeri gəlmişkən, yeni qaydalara əsasən qəbir yerləri və bir sıra xidmətlər ödənişsiz olacaq.


Qaydalar ümumilikdə 27 maddədən ibarətdir. "Qaydalar"a əsasən qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda və aşağıdakı hallarda yeni qəbristanlıq salınır:


- qəbiristanlıq köçürüldükdə;


- qəbiristanlıq bağlı elan edildikdə;


- yeni yaşayış məntəqəsi salındıqda.


Yeni tənzimlənmələrə əsasən qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edəcək, eyni zamanda qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir.


Maraqlıdır ki, yeni qaydalar ailə üzvləri üçün qəbir yeri ərazisinin götürülməsinə icazə vermir. Bu məsələdə istisna yalnız həyat yoldaşı üçün edilir. Belə ki, qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.


Bundan başqa, bundan sonra bir nəfərə qəbir yeri üçün 5 kvadratmetr sahə ayrılacaq. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr olacaq. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.


Yeni qaydalarda ən çox diqqət çəkən, ölkədə az qala problemə çevrilən bahalı qəbir daşları mövzusudur. Doğrudur, qaydalarda bahalı baş daşları qadağan edilmir. Ancaq qəbir daşları üçün ölçülər müəyyən olunur. Qaydalarda qeyd olunur ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.


Yəni qaydalara əsasən, baş daşları 1 metrdən çox olmayacaq. Yerdə qoyulan sinə daşları isə 1,2 metrdən artıq olmayacaq. Bu isə həm də bahalı baş daşları qiymətlərində ucuzlaşmaya səbəb olacaq.


Kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən həyata keçirilir. Terrorçuların cənazələri verilmir və dəfn yeri açıqlanmır.


Yeri gəlmişkən, cənazələr daşındıqdan sonra avtomobil nəqliyyatı vasitələri mütləq onların sahibləri tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir.


Ancaq yeni qaydalar yas mərasimləri ilə bağlı ən əsas problemlərdən biri olan bahalı ehsan süfrələri məsələsinə toxunmur. Doğrudur, ehsan süfrələrinin inzibati yollarla məhdudlaşdırılmasının real olmadığı da ötən illərdə sübuta yetirildi. Ancaq istənilən halda, qəbir yerlərinin pulsuz olması, bir sıra xidmətlərin bələdiyyə tərəfindən həyata keçirilməsi müsbət hadisədir.


"Musavat"

Xəbər lenti