Xəzər Xəbər

Prezident Türkiyə Baş Qərargah rəisini qəbul edib VİDEO

Veb TV | 20:03 • 20 Noyabr 2018
Prezident Türkiyə Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlərin əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd etdi və bu görüşlərin ölkələrimizi bir-birinə daha da yaxın etdiyini bildirdi. Prezident İlham Əliyev bildirdi ki, bu il Bakıda Türkiyə zabitlərinin də iştirak etdiyi iki hərbi paradın keçirilməsi, xüsusilə Bakının işğaldan azad edilməsi ilə bağlı təşkil edilmiş hərbi parad bütün dünyada böyük maraqla izlənilib və bu tədbirlər bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirib. Dövlətimizin başçısı hərbi sahədə əməkdaşlığımızın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşdən böyük qurur hissi keçirdiyini bildirdi. Yaşar Güler qeyd etdi ki, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə malikdirlər və ölkələrimiz arasında strateji iş birliyi gündən-günə möhkəmlənməkdədir. O, bir daha Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bu əlamətdar hadisədən Türkiyənin də qürur hissi keçirdiyini vurğuladı. Yaşar Güler Azərbaycanın gələcəkdə də böyük inkişafa nail olacağına əminliyini ifadə etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaşar Güler qeyd etdi ki, bu, Azərbaycan üçün önəmli olduğu qədər Türkiyə üçün də önəmli məsələdir.

Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd edildi.

Sonda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Xəbər lenti