Xəzər Xəbər

Vaşinqton şahzadə Salmanın “QƏLƏMİNİ QIRDI”: Taxta o çıxacaq

Dünya | 15:30 • 20 Noyabr 2018
Vaşinqton şahzadə

Səudiyyə Ərəbistanının Kral ailəsinin bəzi üzvləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxmasına mane olmaq niyyətindədir.

Bu haqda "Röyters” agentliyinə Kral ailəsinə yaxın üç mənbə bildirib.

Onların sözlərinə görə, Kral ailəsindəki bu parçalanma jurnalist Camal Qaşıqçının qətli ətrafında yaranan qalmaqalla bağlıdır.

Agentlik yazır ki, onlar Kral Salman bin Əbdüləziz əs-Səudun başqa varisinin olmasını istəyirlər.

"Səudiyyə Ərəbistanının 82 yaşlı Kralı nə qədər ki, sağdır, ailənin bəzi üzvləri başqa varisin təyin olunmasını istəyirlər”, - mənbələrdən biri deyib.

Lakin onların fikrincə, çətin ki, Kral buna gedəcək. Salman bin Məhəmmədin vəliəhd şahzadə postundan kənarlaşdırılmasını tələb edən ailə üzvləri kralın 76 yaşlı kiçik qardaşı Əhməd bin Əbdüləziz bin Səudin ölkəyə başçılıq etməsini istəyirlər.

Mənbələr hesab edir ki, şahzadə Əhməd Qərb ölkələr tərəfindən dəstəklənməlidir. Təxminən iki həftə əvvəl yüksək vəzifəli Amerika məmuru səudiyyəli müşavirləri inandırıb ki, şahzadə Əhmədi potensial varis kimi dəstəkləyəcəklər.

Qeyd edək ki, iki gün əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) mənbəyə istinadən "Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

"Bu işin içində şahzadənin olduğuna dair dəlillər ABŞ prezidenti Donald Trampa gizlicə göstərildi, ancaq Trampın cinayət əmrini Məhəmməd bin Salmanın verdiyinə dair hələ şübhələri var idi”, - mənbə bildirib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öldürülüb./publika.az

Xəbər lenti

Çox oxunanlar