Xəzər Xəbər

Dollarla bağlı yenə bədbin proqnoz verilir

İqtisadiyyat | 09:59 • 18 Oktyabr 2018
Dollarla bağlı yenə
Vüqar Bayramov: "Avrozona iqtisadiyyatının nəticələrindən asılı olaraq, avronun məzənnəsi orta müddət dövr üçün dollara nisbətən möhkəmlənə bilər” 


Samir Əliyev: "Müəyyən kiçik həcmdə ucuzlaşma mümkündür”

İddialar səslənir ki, qarşıdakı dövr ərzində dollar avro və digər valyutalar qarşısında sürətlə ucuzlaşacaq. Məsələn, "A.G. Bisset Associates” valyuta proqramları menecmenti şirkətinin icraçı direktoru Ulf Lindal hesab edir ki, "ABŞ dolları 2024-cü ilə qədər avro qarşısında 40% ucuzlaşacaq. Onun sözlərinə görə, 1970-ci ildən Amerika valyutası 15 illik enmə və qalxma dövrünü təkrarlayır.

Ekspertin fikrincə, 5 ildən sonra 1 avro 2 dollara bərabər olacaq. Lakin USD/EUR nisbəti barədə fərqli proqnozlar da var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, bu gün dolların avroya nisbətən məzənnəsində möhkəmlənmə müşahidə edilir: "Güman olunur ki, qısamüddətli dövr ərzində dollar avroya nisbətən mövqeyini qoruyub saxlayacaq. Yəni, avronun dollara nisbətən kəskin möhkəmlənməsi proqnozlaşdırılmır. Bununla belə, Avrozona iqtisadiyyatının nəticələrindən asılı olaraq, avronun məzənnəsi orta müddət dövr üçün dollara nisbətən möhkəmlənə bilər.

Nəzərə alaq ki, bu gün avronun məzənnəsinin aşağı düşməsinə təsir göstərən əsas səbəb İtaliyadakı siyasi risklərin artmasıdır. Xüsusən də yeni formalaşmış İtaliya hökuməti daha çox xərcləməkdə maraqlı görünür. Hətta bəzi hallarda populist açıqlamalarla çıxış edir. Bu da avronun məzənnəsinə neqativ təsir göstərir. İtaliyada daxil olmaqla, Avropada xərclər tənzimlənməsi, Avropa Mərkəzi Bankının müəyyən etdiyi siyasətin davam etdirilməsi dollara nisbətən avronun məzənnəsi möhkəmləndirə bilər. Avronun dollardan fərqi odur ki, Avropa Birliyi fərqli dövlətlərdən ibarətdir. Xüsusən siyasi tərəfdən avronun məzənnəsinə neqativ təsir edən İtaliya və İspaniya kimi ölkələr var. Ancaq qısa müddət dövr üçün dolların daha möhkəm olacağı gözlənilir. Əgər İtaliya və İspaniyada siyasi proseslər gərginləşərsə, dolların avro qarşısında möhkəmlənməsi mümkündür”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyinin eksperti Samir Əliyev bildirdi ki, dolların məzənnəsi digər valyutalara nisbətdə daim dəyişir: "Avronun 15-16 yaşı var. Ondan əvvəl Almaniya və Fransa valyutaları avronu əvəz edirdi. ABŞ iqtisadiyyatı güclü olduğu üçün dollar güclüdür.

Dolların kəskin ucuzlaşması dünyada böyük iqtisadi fəsadlar yol aça bilər. Nəzərə alaq ki, ABŞ dollarla böyük həcmdə borclar yatırıb. Bu gün qlobal ticarətin mühüm hissəsi dollarla həyata keçirilir. Dünyada valyuta ehtiyatlarının 60 faizi dollarla saxlanılır. Yəni, dolların ucuzlaşması ehtiyatların kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Odur ki, dolların ucuzlaşacağı proqnozu inandırıcı deyil. Müəyyən kiçik həcmdə ucuzlaşma mümkündür, ancaq yenidən bahalaşacaq. Kəskin ucuzlaşma isə real görünmür”.

Xəbər lenti