İstanbul polisi Floryadakı ofisində güllələnən azərbaycanlı iş adamı Etimad İsmayılovun qatilini axtarır. Cinayətdə şübhəli bilinən
Gözəl Dəmirovun saxlanılması istiqamətində polis genişmiqyaslı
əməliyyata başlayıb.
Qətlin səbəbləri ilə bağlı müxtəlif
versiyalar irəli sürülür. İddia edilir ki, 19 sentyabr tarixində axşam
saatlarında E.İsmayılov öz ofisində G.Dəmirovla görüşüb. Aralarında pul
məsələsi olan iş adamlarının mübahisəsi qanlı cinayətə səbəb olub.
Mübahisə
zamanı Dəmirov üzərində gəzdirdiyi silahla İsmayılovun baş və ürək
nahiyəsinə atəş açaraq hadisə yerindən uzaqlaşıb. İsmayılov təcili
xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd
edək ki, cinayətdə adı hallanan G.Dəmirov 90-cı illərdə DİN-in idarə
rəisi olub. O, Türkiyəyə köçərək orada biznes fəaliyyəti ilə məşğul
olub. E.İsmayılov isə Azərbaycanın sabiq deputatı, Ədalət partiyasının
sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat
yoldaşıdır. /azvision.az