Xəzər Xəbər

Sinoptiklər xəbərdarlıq edirlər: Havanın temperaturu enəcək, leysan yağacaq

Cəmiyyət | 14:08 • 17 Avqust 2018
Sinoptiklər xəbərdarlıq edirlər:

Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz və 19-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.

Avqustun 18-i gündüzdən 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Xəbər lenti