Bu gündən ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. XəzərXəbər xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux
rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq
qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı
vasitəsi ilə həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarının
yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə
əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və
təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət
bacarıqlarına yiyələnməsini təmin etməkdir.
Məktəbəhazırlıq
qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən
sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum
haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında
arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb
direktorunun adına ərizə( qəbulu elektron sistem vasitəsilə həyata
keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin)
www.mektebeqebul.edu.az saytında yaradılmış "Şəxsi Kabinet”indən çap
olunmuş "Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə
əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu
təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali
Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə
(Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.
Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək.
Məktəbəhazırlıq
qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki
bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.
Dövlət
ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı
həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq
qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq
qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.
Bu
qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir.
Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə
müəyyənləşdirilib.
Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə
tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün
inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri
fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Dövlət
ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili
iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın
1-də başlayıb, mayın 31-də başa çatacaq.