Bakı şəhər İcra Hakimiyyətindən XəzərXəbər-ə verilən məlumata görə, son vaxtlarda sosial şəbəkələrdə və ölkə
mətbuatında Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma
hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün
avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid
edilir. "KİV-lər
tərəfindən verilən məlumata görə yolları təmizləyən süpürgəçi qadınlar
arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun
12-də baş verib. Bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi
istiqamətində işlər həyata keçirilir. Paytaxt rəhbərliyi küçələrdə
təmizlik işləri ilə məşqul olan süpürgəçilərin əl əməyi məsələsinə
xüsusi diqqət ayırıb. Bundan əlavə, Prezident İlham Əliyevin
göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun
icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə
avtomatlaşdırılacaq.
Bu proqramın hazırlanmasına avropalı
aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini
təqdim edəcəklər. Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin
minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman
kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir. Bundan
əlavə, sürücülər tərəfindən sürət həddinin aşılması da qeyd olunur".
İcra
hakimiyyətinin məlumatında qeyd edilib ki, körpülərdə, bəzi küçələrdə
müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri
80-100 km/saat sürətlə hərəkət edirlər. Bu kompleks problemdir, ölkə və
şəhər rəhbərliyi artıq onun həlli üzərində çalışır.