Xəzər Xəbər

Paşinyanın arvadı Qarabağa dair sülh kampaniyası başlatdı - "Xahiş edirəm mesajımı Azərbaycana çatdırın..."

Dünya | 10:32 • 26 İyul 2018
Paşinyanın arvadı Qarabağa dair sülh kampaniyası başlatdı -

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akopyan Moskvada səfərdə olub və Dövlət Tretyakov qalereyasına baş çəkib.Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 24-də Akopyan Tretyakov qalereyasında müxtəlif sferalarda fəaliyyət göstərən bir sıra rusiyalı qadın-xadimlərlə görüşüb.

Görüşdə Anna Akopyan iştirakçılara bildirib ki, o, Qarabağa görə "Qadınlar sülh naminə” kampaniyası başladır. Paşinyanın arvadı bu bəyanatı müstəsna olaraq qadın və ana sözü kimi qəbul etməyi xahiş edib. Anna Akopyanın dediyinə görə onun təşəbbüsünün əsas məqsədi Qarabağ münaqişəsinin dinc nizamlanmasına dəstək olmaqdır. Ermənistanın birinci xanımı bunları deyib: "Əslində mən hesab edirəm ki, bu münaqişənin mənşəyinin əhəmiyyəti yoxdur. Mühüm olanı insan həyatıdır, bu münaqişəyə görə qurban gedən gənc insanlardır”.

A.Akopyan çıxışında 2016-cı ilin aprelindəki dörd günlük müharibəni xatırladıb. Deyib ki, həmin günlərdə o, KİV rəhbəri kimi həm erməni, həm azərbaycan KİV-lərini izləyirdi, bütün reportajlara baxırdı. "İnanın mənə, azərbaycanlı əsgərlərə baxanda, onların baxışlarını görəndə başa düşdüm ki, bu uşaqlar bizim əsgərlərdən fərqlənmir. Onların da baxışlarında həmin həyəcan və qorxu ifadəsi yer alırdı”-Akopyan bildirib.

"Mən demək istəyirəm ki, heç bir siyasət, heç bir siyasi mənfəət həyata yeni atılmış uşaqların zorakı ölümünə, valideyinlərin ağrısına və yetim uşaqların əzablarına dəyməz”-Ermənistan baş nazirinin arvadı, bu günlərdə oğlunu Qarabağda ön xətdə xidmətə yola salan Anna Akopyan deyib.

Əlavə edib ki, hazırda dövlət başçısının arvadı rolunda olduğuna görə susa və öz səsini ucaltmaya bilməz. Anna Akopyan bütün tərəfləri atışmaların dayandırılması üçün mümkün olan hər şeyi etməyə çağırıb, görüş iştirakçılarından xahiş edib ki, təmas xəttinin hər iki tərəfində dayanan gənc insanların həyatını qorumaq naminə onun sülhə yönəlmiş təşəbbüsünə qoşulsunlar.

Bu məqsədlə Anna Akopyan görüş iştirakçılarını Ermənistana və Dağlıq Qarabağa səfər etməyə, oradan səslərini ucaltmağa çağırıb.Habelə o xahiş edib ki, görüşdə iştirak edən qadınlar öz imkanlarından istifadə edərək bu mühüm mesajı sərhədin digər tərəfinə-Azərbaycana çatdırsınlar.Bildirilir ki, görüş iştirakçıları Anna Akopyanın çıxışına və təşəbbüsünə dəstək veriblər, onun başlatdığı kampaniyaya qoşulacaqlarını və regionda sülh naminə səslərini birləşdirəcəklərini deyiblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti