Xəzər Xəbər

Bu ali məktəb təhsil haqlarını azaltdı

İqtisadiyyat | 12:03 • 17 İyul 2018
Bu ali məktəb təhsil haqlarını azaltdı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq.


UNEC-dən AZƏRTAC-a bildiriblər ki, Zaqatala filialına yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. Birinci ixtisas qrupunu seçən abituriyentlər informasiya texnologiyaları ixtisası üzrə əyani təhsil ala biləcəklər. İkinci qrupda isə ixtisasların sayı artırılıb. İkinci ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi, turizm və otelçiliklə yanaşı, menecment, marketinq ixtisasları da tədris olunacaq.


Tələbə və valideynləri sevindirəcək daha bir yenilik isə Zaqatala filialında təhsil haqları ilə bağlıdır. Belə ki, filialda ixtisaslar üzrə təhsil haqları qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb. Filiala qiyabi qəbul planında və keçid ballarında da dəyişikliklər olunub. Filiala keçid balları azaldılıb.


Yeni tədris ilindən Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə Elektron Universitet Modeli tətbiq olunacaq. Biliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmin olunması üçün imtahanlar elektron qaydada mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq. Filialda tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması məqsədilə ötən tədris ilində olduğu kimi, bu il də imtahanlarda ən yüksək nəticə göstərən tələbə təhsilini bir semestr ərzində Bakıda davam etdirə biləcək. Eyni zamanda, imtahanlarda ən yüksək nəticə göstərən üç tələbəyə 100 AZN məbləğində xüsusi təqaüd veriləcək.

Xəbər lenti