Xəzər Xəbər

Bakıda elektrik çaydanı böyük yanğına səbəb olub - VİDEO

Veb TV | 20:09 • 19 İyun 2018
Bakıda elektrik çaydanı böyük yanğına səbəb olub -

Elektrik çaydanın gecədən işlək vəziyyətdə qalması böyük bir mağazanın yanmasına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, güclü yanğın səhər saatlarında paytaxtın Nərimanov rayonu, Dərnəgül bazarı kimi tanınan tikinti materailları satılan ərazidə baş verib. Mağazalardan birinin dam örtüyündə yanğını görən şahidlər Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat veriblər. Dərhal hadisə yerinə 15-ə yaxın yanğınsöndürən texnika və xeyli sayda canlı qüvvə cəlb olunub.

Yanğın güclü olduğundan hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və Nərimanov rayon İcara Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də gəlib. Yanğın bir mağazadan zəncirvari olaraq təxminən 10-a yaxın mağazaya keçib. Bir neçə saat aparılan mübarizədən sonra yanğınsöndürənlər alovun qarşısını alıblar. Məlumata görə, hadisəyə səbəb mağazalardan birində gecədən işlək vəziyyətdə qalan elektrik çaydanından olub.

Məlumata görə, hadisə zamanı yaxın olan bir neçə mağazada tikinti materialları yanaraq yararsız hala düşüb. Hadisə yerində olan Etibar Mirzəyev bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ümumi sahəsi 1100 kvadrat metr olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları içərisində olan tikinti materialları ilə birlikdə və 720 kvadrt metr sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

Yanğın nəticəsində havaya qatı tüstü və qoxu da yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb. Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.

Günorta saatlarında paytaxtın Binəqədi rayonunda isə restoran yanıb. Güclü yanğın "Nanəli" restoranında qeydə alınıb. Yanğının miqyası böyük olduğu üçün əraziyə 6 yanğınsöndürən avtomobil və xeyli canlı qüvvə cəlb edilib. İkimərtəbəli restoranın dam örtüyündən başlayan yanğın təxminən 40 dəqiqəyə lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gələrək araşdırmalarla maraqlanıb.

Məlumata görə, ümumi sahəsi 700 kvadrat metr olan taxta konstruksiyalardan ibarət restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 kvadrat metr sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti