Xəzər Xəbər

Heydər Əliyev məzun oldu: Prezident ADA-da - FOTOLAR+VİDEO

Veb TV | 10:03 • 27 May 2018
Heydər Əliyev məzun oldu:

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev dövlətimizin başçısına bu təhsil ocağının fəaliyyətinin genişləndirilməsi layihəsi ilə bağlı məlumat verdi.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə daha bir tədris ilinin uğurla başa çatdığını deyərək bildirdi ki, bu gün universitetin məzunlarının nailiyyətləri, vətənpərvərlik ruhu təntənə ilə qeyd edilir.

Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başladı.

ADA Universitetində tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanların təşkil etməsi burada beynəlmiləl mühitin yaradılmasına böyük töhfə verir. Tələbələr bu təhsil ocağında müasir tələbə şəhərciyi mühitindən, fəal və maraqlı tələbə həyatından, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlərdən və dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar.

Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətirdilər.

Burada 41 ölkədən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələri fəaliyyət göstərir. ADA-da tələbələr bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi üzrə isə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə olunması, MBA, təhsil menecmenti ixtisasları üzrə təhsil alırlar.

Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirdi.

Dövlət himni səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev məzun günündə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Əziz dostlar, bu gün ADA Universitetində məzun günüdür. Bu münasibətlə bütün məzunları ürəkdən təbrik edirəm, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Məzunlar üçün yeni dövr başlayır. Mən əminəm ki, universitetdə aldıqları biliklər onlara həyatda layiqli yer tutmaq üçün kömək edəcəkdir. ADA Universiteti Azərbaycanın aparıcı ali məktəblərindən biridir. Bu universitetdə təhsilin səviyyəsi çox yüksəkdir. Universitet həm ölkəmizdə, həm xaricdə böyük nüfuz qazanmışdır və bu gün burada səsləndi ki, universitetdə 41 ölkədən tələbələr oxuyur. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, doğrudan da ADA qısa müddət ərzində çox yüksək nüfuz qazanaraq ölkəmizin aparıcı ali məktəblərindən birinə çevrilmişdir.

ADA-da təhsil alan tələbələr əminəm ki, gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaqlar, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verəcəklər. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan tələbələrinin xaricdə təhsil almaları üçün müvafiq proqramlar qəbul edildi, vəsait ayrıldı və bizim gənclərimiz dünyanın aparıcı ali məktəblərinə ezam olundular. Bu proqramların çox böyük faydası oldu, minlərlə Azərbaycan gənci xaricdə yüksək təhsil alaraq Vətənə qayıdıblar və bu gün ölkəmizin inkişafında fəal rol oynayırlar. Ancaq, əlbəttə, əsas vəzifəmiz ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsilin səviyyəsi artsın və beynəlxalq standartlara cavab versin. ADA Universitetinin yaradılması bu məqsədi güdürdü. Bu gün tam əminliklə demək olar ki, burada tələbələrə verilən biliklər, təhsil ən yüksək standartlara uyğundur. Mən ADA-nın bütün professor-müəllim heyətinə, universitetin rəhbərliyinə gördükləri işlərə görə minnətdarlığımı bildirmək və onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulamaq istəyirəm.

Təhsil hər bir dövlətin gələcəyidir. Bu sözlər dəfələrlə müxtəlif kürsülərdən səsləndirilib. Yəqin ona görə ki, bu, həqiqətdir, bu, doğrudan da belədir. Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti dediyim meyarlara tam uyğundur.

Ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaqdır.

Bildiyiniz kimi, ADA Azərbaycan Diplomatik Akademiyası kimi yaradılmışdır və bunun adında da bu, öz əksini tapır. Əlbəttə ki, burada bundan sonra digər fənlər üzrə tədris proqramları tərtib edildi, universitetin maddi-texniki bazası möhkəmləndirildi. Bakının bu gözəl guşəsində indi gözəl universitet şəhərciyi yaradılmışdır. Buraya gələrkən mənə yeni korpusların tikintisi ilə bağlı məlumat verildi. Mən çox şadam ki, şəhərimizdə belə müasir təhsil şəhərciyi vardır. Mən ADA-nın gələcək genişləndirmə proqramını da bəyənirəm. Azərbaycan dövləti, əlbəttə, bu məsələlərin həllinə diqqət yetirəcək və lazımi vəsait də ayrılacaq ki, bu işlər davam etdirilsin.

Ancaq nəzərə alsaq ki, ADA universitetinin əsas məqsədi xarici siyasətlə bağlı kadrlar hazırlamaqdır, mən xarici siyasətimizlə bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir. Hesab edirəm ki, buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır. Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin saylı getdikcə artır və bütün beynəlxalq arenalarda Azərbaycan öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici siyasətdir.

Müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə o qədər də asan məsələ deyil. Ancaq bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Məhz buna görə hesab edirəm ki, biz böyük hörmətə nail ola bildik və bunun əyani təzahürü BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. 155 ölkə Azərbaycana etimad göstərib bizi dünyanın ən mötəbər qurumu olan Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu, bizim beynəlxalq nüfuzumuzun bariz nümunəsidir. O gündən artıq bir neçə il keçibdir. Mən tam əminəm ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə daha da möhkəm dayaqlara və hörmətə layiq bir ölkədir.

Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq hüququn normaları da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri vardır. Onların arasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri bizim mövqeyimizi daha da gücləndirir və münaqişənin həlli üçün hüquqi əsaslar yaradır. Son vaxtlar Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar tərəfindən məsələ ilə bağlı qərarlar qəbul edilib. Bu məsələ ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır.

Biz bu məsələ ilə bağlı bundan sonra da prinsipial siyasət aparacağıq. Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq.

Bu gün dünyada güc amili ön plana çıxır. Biz bunu demək olar ki, hər gün görürük. Əlbəttə, biz bu istiqamətdə öz addımlarımızı atmışıq və atacağıq. Son illər ərzində ordu quruculuğuna ayırdığımız diqqət və qoyduğumuz vəsait bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolu davam etdirəcəyik.

Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır. Biz regional əməkdaşlıq formatlarının yaradılmasına çalışmışıq və demək olar ki, buna nail ola bilmişik. Bizim təşəbbüsümüzlə hazırda bölgədə dörd üç və dördtərəfli regional əməkdaşlıq formatı mövcuddur. Biz bu əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşuq. Onların çox praktiki mənası var. Bu əməkdaşlıq bu formatlarda iştirak edən bütün ölkələr üçün faydalıdır. Biz bu işi davam etdirəcəyik. Biz bu bölgədə yaşayırıq və əlbəttə, bölgədə sülhün, sabitliyin təmin edilməsi, o cümlədən beynəlxalq əməkdaşlıqdan asılıdır. İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq əsasında formalaşan əlaqələrdir. Biz heç bir ölkənin daxili işinə heç vaxt qarışmamışıq və qarışmırıq. Əlbəttə ki, eyni yanaşmanı bütün ölkələrdən gözləyirik və bunu təmin edirik. Ona görə regional çərçivədə əməkdaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin üzərində qurulubdur. Biz bu ikitərəfli əlaqələri çoxtərəfli əlaqələrə çevirə bilmişik.

Bu gün bizim təşəbbüsümüzlə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrinin uğurla icra edilməsi, o cümlədən regional vəziyyətdən də asılıdır. Biz bu vəziyyəti özümüz dəyişdiririk, müsbətə doğru dəyişdiririk. Bizim xarici siyasət konsepsiyamızda qarşılıqlı faydalı əməkdaşlıq xüsusi yer tutur. Biz hesab edirik ki, qonşu ölkələr, dost ölkələr bir-birinə kömək etməlidir, bir-birinin problemlərini qəbul etməlidir və birgə səylərlə problemlərin həlli işində çalışmalıdırlar.

Biz çox uğurlu enerji diplomatiyası aparırıq. Bizim nəhəng enerji layihələrimiz, o cümlədən böyük dərəcədə diplomatik səylər nəticəsində mümkün olmuşdur. Əlbəttə ki, burada bir neçə amil öz rolunu oynayır - həm iqtisadi baxımdan Azərbaycanda mövcud olan gözəl investisiya iqlimi, sabitlik, əmin-amanlıq, beynəlxalq əməkdaşlıq və həm də bizim diplomatik səylərimiz. Çünki biz enerji layihələrimizi ancaq qonşu və dost ölkələrlə birlikdə icra edə bilərik. Bizim açıq dənizlərə çıxışımız yoxdur. Ona görə istənilən enerji layihəsi beynəlxalq əməkdaşlıq tələb edir. Ona görə enerji diplomatiyamız da çox uğurlu olmuşdur və bu gün bunu bütün dünya etiraf edir. Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik. Bir neçə gündən sonra rəsmi açılışı olacaq Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir.

Biz nəqliyyat diplomatiyasını uğurla icra edirik. Demək olar ki, enerji dəhlizlərinin marşrutu ilə inkişaf edən nəqliyyat marşrutları, o cümlədən çox ciddi diplomatik səylər nəticəsində mümkün olub. Biz Avrasiyanın nəqliyyat xəritəsini də yenidən tərtib etmişik və bu işlərdə uğurlar qazanmışıq. Deyə bilərəm ki, enerji, nəqliyyat diplomatiyası ilə bağlı bizim bütün təşəbbüslərimiz, bütün addımlarımız uğurlu olub və həm bizə, həm bizimlə bərabər işləyən ölkələrə böyük dividendlər gətirir və bizi bundan sonra da hələ böyük mənfəət gözləyir. Bu gün icra edilən layihələr ölkəmizin qüdrətini uzunmüddətli formatda təmin edəcək, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Əlbəttə, bax, bu layihələrin icrasında diplomatik səylər böyük rol oynayır.

Əlbəttə, biz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edərək ölkəmizi inkişaf etdirdik, gücləndirdik. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Azərbaycanda böyük quruculuq işləri aparılır. Mən bilirəm ki, ADA Universitetində biznes fənlərə, iqtisadi fənlərə böyük diqqət göstərilir. Hesab edirəm ki, biz bu sahədə də çox təsirli nailiyyətlərə imza atdıq. Bu gün Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş iqtisadiyyatdır, heç bir xarici maliyyə institutundan, yaxud da ki, xarici ölkədən asılı olmayan iqtisadiyyatdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə böyükdür. Biz istənilən vaxtda bütün borcları ödəyə bilərik.

Biz gözəl sərmayə iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik. Yoxsulluqla, işsizliklə bağlı atılan addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Biz gənc müstəqil dövlətik. Ancaq biz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdəyik. Biz dünya miqyasında inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında üçüncü yerdəyik. Yəni, bütün bu rəqəmlər dediyim sözlərin əyani təsdiqidir.

Əminəm ki, bu gün ölkə qarşısında duran vəzifələr uğurla icra ediləcək. Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var. Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin. Bu isə bax, bu gün burada əyləşən və bizim başqa ali məktəblərdə bu gün eyni tədbiri keçirən gənclərdən asılıdır. Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər.

Əziz gənclər, mən bir daha sizi məzun günü münasibətilə təbrik etmək istəyirəm. Demək istəyirəm ki, sizin qarşınızda bütün imkanlar mövcuddur. Siz gözəl, qüdrətli ölkədə yaşayırsınız. Siz gözəl təhsil almısınız. Siz xarici dillər bilirsiniz. Əminəm ki, siz tam yetişmiş peşəkarlar kimi istənilən sahədə işləyə bilərsiniz. Mən sizə ancaq və ancaq uğurlar arzulamaq istəyirəm. Arzulamaq istəyirəm ki, siz bu gözəl şansı əldən verməyəsiniz, həyatda layiqli yer tutasınız və ölkəmizin inkişafına öz dəyərli töhfənizi verəsiniz. Bir daha təbrik edirəm və uğurlar arzulayıram. Sağ olun.

X X X

Onu da deyək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təhsil ocağında builki məzun gününün mövzusu "100 ilin təfəkkürü, maarifi və dəyərləri”dir.

Tədbirdə ADA məzunlarına həsr olunan videoçarx nümayiş olundu.

X X X

Sonra universitetin məzunu, biznes fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev çıxış etdi. O, bu tədbirdə bütün məzunlar adından çıxış etməkdən şərəf hissi keçirdiyini dedi. Qeyd etdi ki, onun və digər məzunların ADA Universitetində keçirdiyi tələbəlik illəri çox maraqlı, sevincli və həyəcanlı olub.

"Mən 4 il əvvəl həyatımın ən önəmli qərarını verməklə təhsil almaq üçün ADA Universitetini seçdim”, - deyən Azər Əliyev bu təhsil ocağında oxuduğu dövrdə innovativ və akademik mühitin şahidi olduğunu bildirdi. O, bütün məzunlar adından ADA Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını bildirərək dedi:

-Həyatımızın bu çətin mərhələsində bizə dəstək olan insanlara hamımız minnətdar olmalıyıq. Burada çıxış etməyimin əsas səbəblərindən biri odur ki, universitetimizin professor-müəllim heyətinə minnətdarlıq edim. Əziz professorlar, mən məzunlar adından sizə bizə təhsil vermək üçün göstərdiyiniz səylərə görə minnətdarlığımı bildirirəm. Sizin bilik və təşəbbüsləriniz sayəsində mənim və bir çox digərlərinin öz ixtisaslarına maraqlarını artırıbsınız.

Tələbəlik illəri, təhsil-tədris və imtahan proseslərindən xoş təəssüratlarla danışan Azər Əliyev qeyd etdi ki, ADA-da vətənpərvər, bilikli və peşəkar kadr kimi yetişmək üçün hərtərəfli şərait var. O dedi:

- Sonda bildirmək istəyirəm ki, ADA Universiteti həyatımızın ən yüksək zirvəsinə çatmaq üçün bizə möhkəm əsas verib. İndi sabahın qlobal liderlərinə çevrilmək üçün bizim böyük potensialımız var. Bizdə, həmçinin məsuliyyətli vətəndaş olmaq üçün güclü bir hiss formalaşıb.

X X X

Daha sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal çıxış edərək dedi:

-Cənab Prezident, bu gün bizimlə ən sevincli günümüzü bölüşməyiniz, əslində, bir daha onun sübutudur ki, Siz daim bizə öz dəstəyinizi, qayğınızı və etimadınızı göstərmisiniz. Əslində, ADA Universiteti məhz bu dəstəyə və bu qayğıya arxalanaraq təhsil sahəsində bir neçə mühüm islahatlara imza atıb və imza atmaqda davam edəcək. Mən hər birimizin adından bizə göstərilən bu etimada, qayğıya və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Vəfa Kazdal ADA Universitetinin və tələbələrin uğurlarından danışdı, ADA-da təhsil aldıqları vaxtda tələbələrin fikirlərini bölüşərək bildirdi:

-ADA tələbələri, bizim uğurumuz sizsiniz, sizə inamımız sonsuzdur. Biz çox sevinirik ki, siz ADA Universitetinin əsas missiyasını anlayır, ona dəyər verirsiniz. Mən hətta deyərdim ki, siz onu artıq təmsil etməyə başlamısınız.

Universitetimizin müəllim və tələbələrini bütöv edən məhz ADA-nın missiyası və dəyərləridir. Çünki bütün bunları tələbələrə öz nümunələrində aşılayan bizim müəllimlərimizdir. ADA Universitetinin çox gözəl bir ənənəsi var. Hər il may ayının əvvəlində bizdə sosial məsuliyyət və vətəndaşlıq günü keçirilir. Burada tələbələr özləri sosial məsuliyyət layihələri hazırlayır və həyata keçirir. Sosial məsuliyyət günündə o layihələrdən 3 ən əhəmiyyətlisi qalib elan olunur və mükafatlandırılır. Bu il çox maraqlı bir istiqamət var idi. Tələbələrin təqdim etdikləri layihələrin əksəriyyəti onların universitetdə öyrəndiklərini orta məktəblərdə bölüşməklə bağlı idi.

ADA-nın missiyası beynəlxalq səviyyəli universitet olmaqla, milli ruhlu, savadlı və səriştəli, bəşəri vətəndaşlar yetişdirməkdir. Akademik mükəmməllik, cavabdehlik, şərəf, şəffaflıq, müxtəliflik, əməkdaşlıq, ünsiyyət və sosial məsuliyyət ADA Universitetinin missiyasının müəyyən olunmuş çox mühüm dəyərləridir. Ümumilikdə, bu fəlsəfə və dəyərlərimiz irsimizin, milli mənlik şüurumuzun və müasirliyimizin vəhdətini özündə əks etdirir. Bizim tələbələrimiz ADA-nın missiya və dəyərlərini, həmçinin pedaqoji fəlsəfəsini orta məktəblərdə yayırdılar. Bu, ilk növbədə, bizim alim və müəllimlərimizin öz işlərinə vəzifə kimi deyil, bir sənət kimi yanaşmalarının nəticəsidir. Bu, bir pedaqoq kimi tələbəyə inanaraq, onun təşəbbüs və yaradıcılığını önə çəkərək həvəsləndirilməsinin nəticəsidir.

Bizim ADA-nın alim və müəllimləri Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Türkiyə, İtaliya kimi ölkələrin qabaqcıl təhsil ocaqlarında bilik və təcrübə əldə etdilər. Lakin onlar bu gün burada, Azərbaycanda öz gənclərimizlə o təcrübəni bölüşürlər. Onların tədqiqat işləri bu gün dünya miqyaslı jurnallarda nəşr olunur. Bizim müəllim və alimlərimiz Sabir, Zərdabi, Mirzə Cəlil kimi maarifpərvər təfəkkürlü və dəyərlərə sadiq tələbələrimizə nümunədirlər.

Müəllim heyətimizin bir hissəsi də əcnəbi professorlardır. Gənclərimizin savadlı, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində onların da xüsusi rolu var. Onlar bizim universitetə xüsusi bir ruh qatırlar. Biz qürurla deyə bilərik ki, bu gün ADA-nın müəllim və alim heyəti ölkəmizdə prioritet olan müasir düşüncəli və bacarıqlı insan kapitalı yetişdirir. Xalqımızın böyük oğlu Heydər Əliyev deyirdi: "Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Əziz tələbələrim, mən bilirəm və bir neçə dəfə də şahidi olmuşam ki, siz gözəl keçən dərsi alqışlamısınız. Amma mən istərdim ki, siz son dəfə öz müəllimlərinizi bir daha səmimi qəlbdən alqışlayasınız.

ADA-nın tədris işləri üzrə prorektoru gənclərin savadlı və cəmiyyətə faydalı yetişməsi üçün ADA-nın müəllim və professor heyətinin əməyini vurğulayaraq, onların müasir düşüncəli insan kapitalı yetişdirdiklərini bildirdi.

X X X

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Bunun hər bir məzunun həyatında unudulmaz xatirə kimi qalacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısının 2012-ci ildə ilk dəfə ADA-ya gəldiyini və burada yeni kampusun açılışında iştirak etdiyini, təhsil ocağının fəaliyyət istiqamətlərinin genişləndirilməsi ilə bağlı tövsiyələrini verdiyini bildirən rektor dedi:

- Həmin gün Prezidentimiz cəmi bir ixtisas üzrə 14 məzunu təbrik etmişdi. Bu gün isə o, təbrik sözlərini 11 ixtisas üzrə bitirən 530 məzuna ünvanladı. O zamanla müqayisədə tələbələrimizin sayını 115-dən 2200-ə çatdırmışıq. Bunların arasında 380 tələbə qaçqın və məcburi köçkün ailələrindəndir, 500 tələbəmiz isə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənclərdir. Biz əsl beynəlmiləl ali məktəb yarada bilmişik – dünyanın 41 ölkəsinin nümayəndəsi burada təhsil alır. Mübadilə proqramı ilə tələbələrimiz ADA-nın 60-dan çox xarici tərəfdaş universitetlərinə gedə bilirlər. Biz fəxr edirik ki, dövlətimizin başçısının etimadını doğrultmaqdayıq.

ADA Universitetinin tələbə və məzunlarının məşğulluq göstəricisi 90 faizdən çoxdur. Xüsusilə qeyd etmək istərdim ki, bu gün informasiya texnologiyaları və mühəndislik fakültələrini bitirən ilk məzunlar Azərkosmos, ASAN İnnovasiyalar Mərkəzi, Azercell və digər dövlət və özəl qurumlarda artıq öz biliklərini tətbiq edirlər. Bu statistikadan kənar qalanlar isə ölkəmizdə və dünyanın mötəbər universitetlərində ali təhsillərini davam etdirəcəklər.

Rektor Hafiz Paşayev əmin olduğunu bildirdi ki, universitetin məzunları bilik və bacarıqlarını Vətən uğrunda şərəf və ləyaqətlə tətbiq edəcək, Azərbaycanın ərazi bütövlüyü naminə dövlətimizin başçısının apardığı qətiyyətli siyasətə güc qatacaqlar.

Təhsil müəssisəsinin infrastrukturunun genişləndiyini, yeni akademik proqramların üzərində iş getdiyini, növbəti tədris ilindən hüquqşünaslıq üzrə bakalavr təhsilinə başlanılacağını deyən Hafiz Paşayev son illərdə universitetdəki elmi mərkəzlərin sayının artdığını, Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə yanaşı, Data Təhlilinin Tədqiqat Mərkəzinin, Avropa İttifaqı üzrə Bilik Mərkəzinin, ADA İnnovasiya və Start-up Mərkəzinin tələbələrə ölkədə strateji sahələri daha yaxından öyrənməyə imkan yaratdığını bildirdi. Bu il universiteti bakalavr pilləsinin dörd ixtisası, magistr pilləsinin isə bir ixtisası üzrə məzunların bitirdiyini diqqətə çatdırdı. Tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ərəfəsində keçirildiyini və "100 ilin təfəkkürü, maarifi və dəyərləri” mövzusuna həsr olunduğunu deyən rektor ötən əsrin əvvəlində Azərbaycan mütəfəkkirlərinin və maarifçilərinin azad demokratik dövlət qurmaq yolunda səylər göstərdiyini bildirdi, milli kadrların hazırlanması üçün 1919-cu ildə ilk universitetin təsis edildiyini, 100-ə yaxın tələbənin ali təhsil almaq üçün Avropa və Rusiya universitetlərinə göndərildiyini vurğuladı. "1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi təkcə onun rəmzlərini qəbul etmədi, həm də bu müstəqilliyi daimi edəcək dövlət quruculuğu siyasətini yürütməyə başladı”, - deyən Hafiz Paşayev müstəqil ölkəmizin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayaraq bildirdi:

-Azərbaycanın ictimai-siyasi və iqtisadi intibahının memarı Heydər Əliyev elm və təhsilin inkişafı üçün hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ciddi addımlar atmışdı. O zaman ölkədə beş yeni ali təhsil müəssisəsi açıldı, ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artdı. Respublikaya rəhbərlik etdiyi illərdə Heydər Əliyevin himayəsi ilə dünyanın qabaqcıl məktəblərində minlərlə kadr yetişdi.

Bu gün Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev də təhsilin müasirləşməsinə və inkişafına böyük diqqət yetirir. Onun təşəbbüsü ilə xüsusi Dövlət Proqramı həyata keçirilib. 2007-2015-ci illərdə minlərlə gənc Dövlət Neft Fondu hesabına xaricdə təhsil alıb. Bu proqramın məzunlarından bəziləri ADA Universitetində akademik fəaliyyətə cəlb edilərək müəllim kimi çalışırlar.

Məhz bu Dövlət Proqramı hesabına ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təklif etdiyi biznesin idarə edilməsi ixtisasında tələbələrimiz hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomunu almaqdadırlar.

Cənab Prezident, 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasını yaradarkən Siz yeni təhsil ocağında təkcə humanitar elmləri deyil, digər istiqamətləri, xüsusilə də dəqiq elmləri inkişaf etdirməyi bizə tapşırmışdınız. Buna cavab olaraq, ilk addım 2013-cü ildə informasiya texnologiyaları və mühəndislik fakültəsinin yaradılması oldu.

Universitetin rektoru Hafiz Paşayev onu da qeyd etdi ki, hər bir ali məktəbin müvəffəqiyyəti onun müəllimlərinin keyfiyyətindən asılıdır. Bu isə "Xaricdə təhsil” Dövlət Proqramını yeni formada bərpa etmək zərurətini ortaya qoyur. Belə ki, istedadlı gənclərin dünyanın ən aparıcı universitetlərində magistr və doktorantura pillələrində təhsil alıb alim və müəllim kimi Vətənə dönmələri ölkə universitetlərinin uğurlu gələcəyini təmin edə bilər.

Daha sonra rektor valideynlərə müraciət edərək dedi:

Bilirəm ki, tələbələrimizin bugünkü uğurlarının arxasında həm də valideynlərin dəstəyi, yuxusuz gecələri, imtahan nəticələrini övladları ilə birgə gözləmək həyəcanı dururdu. Prezident İlham Əliyev bu gün burada yalnız mötəbər qonaq qismində iştirak etmir. O, Mehriban xanımla birlikdə həm də bir valideyn kimi buradadır. İcazə verin, Heydərin bugünkü akademik zirvəsi münasibətilə Sizi, cənab Prezident, Mehriban xanımı və bütün ailənizi universitetimiz adından təbrik edim.

Valideynlərin sevincinə şərik oluruq. Sizi təbrik edərək, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, bizə inanıb, övladlarınızı universitetimizə etibar etmisiniz. Əminəm ki, əziz valideynlər, övladlarınız sizin və bizim ümidlərimizi həyat boyunca həmişə doğruldacaqlar. Valideynlərin sevincindən heç də az olmayan sevinc hisslərini müəllimlərimiz də keçirir.

Əziz müəllimlər, günbəgün sinif otaqlarına girib bilik və təcrübənizi tələbələrlə bölüşdüyünüzə, fədakar əməyinizə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Cənab Prezident, ADA Universitetinə yarandığı gündən göstərdiyiniz etimada, Azərbaycanın istedadlı gənclərinə Vətəni tərk etmədən müasir ali təhsil almağa imkan verən məktəb qurmaqda bizə dəstək olduğunuza görə Sizə minnətdarıq. Diqqətinizə görə sağ olun.

İndi isə məzun günümüzün ən həyəcanlı hissəsinə keçirik - diplomların təqdim olunmasına. Bu mərasimi başlamaq üçün mən səhnəyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəvət edirəm.

X X X

Sonra diplomların təqdim edilməsi mərasimi başladı.

Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim etdi.

Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb. Bu il ilk məzunlarını buraxan ixtisaslar isə bakalavr pilləsi üzrə dövlət və ictimai münasibətlər, iqtisadiyyat, informasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, magistr pilləsində isə təhsil üzrə menecment fakültələridir.

Fəaliyyət göstərdiyi illər ərzində ADA Universiteti yüksək səviyyədə təhsil verməklə yanaşı, tələbələr arasında sıx münasibətlərin qurulması, müəllim-tələbə münasibətləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək baxımından da nümunəvi fəaliyyəti ilə seçilir. Bu təhsil ocağının məzunları yüksək ixtisaslı peşəkarlar kimi yetişməklə yanaşı, çalışdıqları sahələrdə əsl vətənpərvər şəxsiyyət kimi ölkəmizin ümumi inkişafına təkan verir, Azərbaycanın tərəqqisinin davamlılığını təmin etmək üçün əllərindən gələni edirlər. Universitetin məzunları hökumət və ictimai qurumlarda, biznes və konsaltinq xidmətlərində, maliyyə və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi sahələrində çalışırlar.















Xəbər lenti