Xəzər Xəbər

İlham Əliyevdən ipoteka ilə bağlı MÜHÜM FƏRMAN: bundan sonra kirayə yolu ilə...

Gündəm | 19:18 • 1 May 2018
İlham Əliyevdən ipoteka ilə bağlı MÜHÜM FƏRMAN:

Prezident İlham Əliyev Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında fərman imzalayıb.

XəzərXəbər-in xəbərinə görə, fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin mənzil təminatının daha da yaxşılaşdırılması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması, ipoteka və kredit zəmanət mexanizminin risklərinin minimallaşdırılması məqsədilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası” təsdiq edilsin.

Dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin: "2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;”;

2.2.5-ci yarımbənddə "Elektron ipoteka” sözləri "Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə tapşırılır ki:

- İpoteka və Kredit Zəmanət Fondunun vergi öhdəliklərindən azad edilməsi, habelə bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019-2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etsin;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatası üç ay müddətində Fondun vəzifələrinin icrası ilə bağlı müvəkkil bankların ipoteka kreditləşməsində, eləcə də kredit zəmanət sisteminin fəaliyyətində aktiv iştirakını təmin etmək üçün banklar üzrə xüsusi iqtisadi tənzimləmə (prudensial) normativlərini və tələblərini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Fonda tapşırılır ki:

- bu Fərmanın 2.1-ci bəndinə müvafiq olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsinə dair qaydanın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- fəaliyyət istiqamətləri üzrə yarana biləcək mümkün maliyyə itkilərinin ödənilməsi üçün xüsusi ehtiyat fondların yaradılmasını təmin etsin;

- bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Xəbər lenti