Nazirlər Kabinetinin
yeni tərkibi artıq məlumdur. İqtidar komandasında bir sıra yeni simaları
görmək olar. Ölkə başçısının sərəncamı ilə bəzi nazirlik və komitələrə
yeni rəhbərlər təyin olunub. Yeni heyətdə daha çox peşəkar və gənc
kadrlara üstünlük verilib. Əvvəlki komandada olan bəzi rəhbər şəxslər
isə tutduqları vəzifələrdən kənarlaşdırılıb.
Belə ki, baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev
və İsmət Abbasov vəzifələrindən azad olunub. Əvəzində Hacıbala
Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
Nazirlərdən isə Səlim Müslümov, Heydər Əsədov, Hüseynqulu Bağırov
yeni komandada yer almayıb. Onların əvəzinə Əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov,
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib. Təhsil
nazirinin boş qalan yerinə isə Ceyhun Bayramova gətirilib. O, bundan
əvvəl təhsil nazirinin müavini işləyib.
Komitə sədrlərindən Nazim İbrahimov, Əli Həsənov və Aydın Əliyev vəzifədən gedib. Prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri isə Samir Nuriyev olub.
Yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədriliyi Fuad Nağıyeva həvalə edilib. Milli Məclisin deputatı Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.
Ümumilikdə Azərbaycan 4 yeni nazir, 4 komitə sədri, 1 xidmət rəisi və 1 agentlik rəhbəri dəyişib./azvision.az