Xəzər Xəbər

Rusiya ABŞ-ın iki qanadlı raketini ələ keçirdi

Dünya | 10:23 • 19 Aprel 2018
Rusiya ABŞ-ın iki qanadlı raketini ələ keçirdi

ABŞ-ın aprelin 14-də Suriyaya endirdiyi raket zərbələri zamanı partlamayan iki qanadlı raket Rusiya tərəfindən ələ keçirilib. Virtualaz.org xəbər verir ki, bu barədə TASS öz mənbələrinə istinadən bildirir.

Xəbərə əsasən Suriya hərbçiləri detonasiya etməyən iki qanadlı raketi "kifayət qədər yaxşı vəziyyətdə” aşkar ediblər. "Hər iki raket kifayət qədər yaxşı vəziyyətdədir və aprelin 17-də Rusiya hərbçilərinə təhvil verilib”-mənbə bildirib.

Mənbə əlavə edib ki, raketlər aprelin 18-də təyyarələ ilə Rusiyaya göndərilib. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur. Habelə ələ keçirilən qanadlı raketin tipi məlum deyil. Bununla belə ABŞ Suriyaya əsasən "Tomohawk” qanadlı raketlərindən və "hava-yer” tipli raketlərdən istifadə etməklə zərbə endirib.

Suriyada ələ keçirilən iki qanadlı raket barədə xəbərləri Rusiya rəsmi KİV-ləri istehza ilə yayır. "Trampın iki "ağıllı” raketi Rusiyaya uçdu” kimi istehzalı başlıqlar seçilir. Belə ki, Suriyaya raket zərbələrinə hazırlıq gedərkən Rusiya rəsmiləri bu raketlərin vurulacağını elan etmişdi. Buna cavab olaraq Tramp özünün Tvitter bloqunda yazdı: "Hazırlaş Rusiya, raketlər gəlir. Onlar yeni, yaxşı və "ağıllı” raketlərdir”.

Suriyaya raket zərbələrindən sonra Rusiya Müdafiə Nazirliyi elan etdi ki, guya Bəşər Əsədin sovet istehsalı olan hava hücumundan müdafiə sistemləri 105 raketdən 70-ni vurub. ABŞ Müdafiə Nazirliyi isə bütün raketlərin hədəfə dəydiyini, Suriyanın havadan müdafiə sisteminin işinin nəticəsiz olduğunu bildirib, raket zərbələrinin dəqiqliyini göstərən videogörüntülər yayıb. Bununla belə Rusiya təbliğatı ABŞ-ın raket zərbələrinin uğursuz olduğu barədə təbliğatını davam etdirib. Daha sonra prezident Donald Tramp özü məsələyə münasibət bildirib və raketlərin heç birinin vurulmadığını deyib. Hərçənd bütün bunlar Rusiyanın qurduğu təbliğata təsir göstərməyib. Rusiya telekanalları gecə-gündüz Suriyanın Hava Hücumundan Müdafiə sisteminin "köhnə sovet silahları” ilə qazandığı qələbədən bəhs edir.

İndi raketlərdən ikisinin ələ keçirilmiş olması Rusiya üçün təbliğati baxımdan əla imkandır və bu, ABŞ-ın raketlərinin "işə yaramadığı” haqda təbliğatı gücləndirəcək. Üstəlik Rusiyada bu raketləri söküb sirlərini ələ keçirəcəklər.

Xəbər lenti