Xəzər Xəbər

"Facebook"un böhranı: Zukerberq üzr istədi və söz verdi

Texnologiya | 10:24 • 23 Mart 2018
"Facebook"un böhranı:

"Facebook” şirkəti yarandığı gündən bu yana ən ciddi iqtisadi və imic itkisinə məruz qalıb.

İKT.lent.az-ın xəbərinə görə, sosial şəbəkənin 50 milyon istifadəçisinin məlumatlarının Böyük Britaniyanın "Cambridge Analytica” firmasının əlinə keçdiyi məlum olduqdan sonra "Facebook”un bazar dəyəri azı 65 milyard dollar azalıb. "Cambridge Analytica” ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib, "Facebook” istifadəçiləri haqqında məlumatların toplanmasına isə Rusiya ilə əlaqələri olan alim köməklik göstərib.

Qalmaqalın mərkəzindəki qurum - "Cambridge Analytica”

2013-cü ildə yaradılmış "Cambridge Analytica” firması "Big Data”(iri həcmli informasiyalar), siyasi psixometriya və internetdə seçki kampaniyaları aparılması üzrə ixtisaslaşmış konsaltinq şirkətidir. Qurumun Direktorlar Şurasının üzvləri arasında Donal Trampın sabiq baş müşaviri Stiv Bennon da var. Əsas sponsorlardan biri isə Trampın seçki kampaniyasının, o cümlədən ABŞ Respublikaçılar Partiyasının iri donorlarından biri olan iş adamı Robert Merserdir. R. Merser "Cambridge Analytica”ya Trampın seçki qərargahı adından pul ödəyib.

"Cambridge Analytica”nın saytında qeyd olunur ki, istifadəçilərlə aparılan iş nəticəsində D. Tramp öz rəqibi Hillari Klintonu üstələyib. Şirkət müştərilərinə seçicilərin sosial şəbəkələrdəki səhifələri və orada əksini tapmış məlumatlar əsasında personal siyasi təbliğat strategiyası qurmaq sahəsində xidmətlər təklif edir. Müştərilər arasında Britaniyada "Brexit”ə tərəfdar çıxan siyasi qüvvələr də olub.

Aleksandr Koqan kimdir?

"Facebook” istifadəçilərinin şəxsi məlumatları Kembric Universitetinin elmi əməkdaşı Aleksandr Koqanın işləyib hazırladığı proqram əlavəsi ("thisismydigitallife”) vasitəsilə toplanıb. İstifadəçilərin şəxsi testlərdən keçməyin müqabilində kiçik məbləğlər qazanmasına yardımçı olan proqram dünya üzrə yüz minlərlə insan tərəfindən yüklənib. Şəxsi testlərdən keçən insanlar anlamayıblar ki, bununla onlar həm öz məlumatlarına, həm də dostlarının məlumatlarına qapını açıblar.

A. Koqan qısa müddətdə milyonlarla insanın bilgilərini əlində cəmləşdirib. Lakin o, topladığı informasiyaların "Cambridge Analytica” tərəfindən necə istifadə olunduğunu bilmədiyini iddia edir.

Aleksandr Koqan (Spektr soyadı ilə də tanınıb) Moldovada doğulub, 8 yaşına qədər Rusiyada yaşayıb, sonra ailəsi ABŞ-a köçüb. Dəfələrlə Rusiyada keçirilən elmi tədbirlərdə iştirak edib. 2014-cü ildə Sankt-Peterburq Dövlət Universitetində mühazirə oxuyub. "VKontakte” sosial şəbəkəsində yerləşdirilmiş mühazirələrindən birində o, tərtib etdiyi proqramın imkanları barədə belə deyir:

"Biz hansı informasiyanı yükləyə bilirik? Demək olar ki, sən "Facebook”da nə edirsənsə, hamısını. Sənin neçə yaşın var, harada yaşayırsan, dostlarının siyahısı və dostlarının dostlarının siyahısı... Biz sənin nələrdən xoşlandığını və sənin dostlarının nələri xoşladığını öyrənə bilirik. Şəxsi məlumatları oxuyuruq. Adətən hər insanın 3 min şəxsi məlumatını oxuyuruq. Bütün fotoları yükləyə bilirik. "Facebook” səni həyatındakı istənilən insandan daha yaxşı tanıyır. Mən bir sual belə vermədən sənin haqqında yüz fakt öyrənə bilərəm”.

Trampın qərargahından "Cambridge Analytica”ya 15 milyon dollar!

ABŞ mətbuatının məlumatına əsasən Donald Trampın seçki qərargahı "Cambridge Analytica”ya 15 milyon dollardan çox pul ödəyib. Britaniya şirkəti seçki kampaniyası zamanı əlindəki 50 milyon istifadəçi bazası əsasında ayrı-ayrı seçici qruplarının siyasi və psixoloji portretlərini müəyyənləşdirərək onlara uyğun ünvanlı siyasi reklamlar təqdim edib. Məsələn, demokratların ənənəvi seçici kütləsi hesab olunan afroamerikalılara Hillari Klintonun qaradərili insanlar barədə müəyyən xoşagəlməz çıxışlar etdiyi roliklər göstərilib.

A. Koqanın "Facebook”un məlumatlarından istifadə etmək hüququ olub, lakin sadəcə akademik məqsədlərlə. "Facebook” məlumatların siyasi məqsədlə istifadə olunduğunu öyrəndikdən bir müddət sonra "Cambridge Analytica”ya məktub yazaraq məlumatların silinməsini tələb edib.

Mark Zukerberq üzr istədi

Artıq ABŞ Konqresi və Avropa Parlamenti "Facebook” rəhbəri Mark Zukerberqi məsələ ilə bağlı onlara izahat verməyə çağırıb. M. Zukerberq CNN-ə müsahibəsində yol verdikləri xətaya görə üzr istəyib və buna görə cavab verməyə hazır olduğunu bəyan edib: "Bu, etimadı dəhşətli şəkildə doğrultmamaq deməkdir və mən baş verənlərə görə üzr istəyirəm. İstifadəçilərin məlumatlarının qorunması məsuliyyəti bizim üzərimizə düşür, əgər biz buna təminat verə bilmiriksə, deməli, insanlara xidmət göstərməyə layiq deyilik”.

M. Zukerberq deyib ki, bir daha bu halın təkrarlanmaması üçün hər şeyi edəcəklər. O, Konqres qarşısında ifadə verməyə hazır olduğunu vurğulayıb. M. Zukerberq onu da əlavə edib ki, hazırda müəyyən qüvvələr ABŞ-da bu il keçiriləcək seçkilərə müdaxilə məqsədilə sosial şəbəkənin imkanlarından istifadə etməyə çalışır: "Mən əminəm ki, bu, rusların 2016-cı ildə etdiklərinin ikinci versiyasıdır. Onların yeni taktikası olacaq və biz səliqəli şəkildə bunu qarşısını almalıyıq. Bu işlə "Facebook”un 20 min əməkdaşı məşğuldur”.

M. Zukerberq etiraf edib ki, 2016-cı ildə yalan xəbərlərlə mübarizə və seçkilərə müdaxilənin qarşısını almaq üçün göstərdikləri səylərə baxmayaraq, bunun üçün heç də bütün mümkün olanı etməyiblər. O, alqoritmləri yaxşılaşdırmağa davam etdiklərini söyləyib. "Əgər 2004-cü ildə desəydilər ki, 14 il sonra mən şəffaf seçkiləri xarici müdaxilədən qorumağa çalışacağam, heç vaxt inanmazdım”, - deyə gənc iş adamı bildirib.

Artıq "Facebook”un məlumatların təhlükəsizliyi üzrə direktoru Aleks Stamos vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, qalmaqaldan sonra Mark Zukerberq 5 milyard dollar civarında maddi itkiyə məruz qalıb.

Xəbər lenti