Xəzər Xəbər

Sürücülərə şad xəbər Bu halda cərimə olmayacaq

Gündəm | 16:28 • 2 Fevral 2018
Sürücülərə şad xəbər

"Yol hərəkəti haqqında" Qanuna edilən və bu gündən qüvvəyə minən əhəmiyyətli dəyişiklik barədə məlumat vermişdik. Bununla əlaqədar ayrı-ayrı mətbuat orqanlarında müxtəlif şərhlər verilir ki, bu da bəzi sürücülərin narahatlığına səbəb olub.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı "Avtosfer"ə açıqlama verən Baş DYP İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bir sıra məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə 2016-cı ildə qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsindən nəqliyyat vasitəsini idarə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin, yəni sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi, idarə etmək hüququ verən etibarnamə və icbari sığorta şəhadətnaməsinin həmin nəqliyyat vasitəsini saxlamış YPX əməkdaşına təqdim olunmadığı halda sürücüyə 3 saat vaxt verilməsi barədə müddəanın çıxarıldığı nəzərə alınaraq, ölkə başçısının Fərmanı ilə "Yol hərəkəti haqqında” Qanun da Məcəlləyə uyğunlaşdırılmışdır.

"Onu da qeyd edim ki, Daxili İşlər Nazirliyində tətbiq olunan müasir texnoloji yeniliklər əsasında 3 saat gözləməyə ehtiyac da yoxdur. Çünki artıq xeyli vaxtdır ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan bütün sənədlər barədə məlumatları hər bir əməkdaşımızın istifadəsində olan bort-kompyuterlər vasitəsilə Baş DYP İdarəsinin mərkəzi informasiya sistemindən çox asanlıqla və maksimum 1-2 dəqiqə ərzində almaq olur. Ona görə də sənədləri evdə unutmuş, yaxud başqa səbəblərdən sənədləri özündə olmayan sürücülərin "Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişiklikdən narahatlıq hissi keçirmələrinə heç bir əsas yoxdur. Lakin sürücülərimiz onu da nəzər almalıdırlar ki, əgər nəqliyyat vasitəsini idarə etməyə əsas verən hər hansı sənədlərdən biri haqda mərkəzi informasiya sistemində məlumat mövcud olmazsa və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri müəyyən edilərsə, həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi YPX əməkdaşının yanında deyil, saxlanılması üçün müvəqqəti olaraq mühafizə olunan duracağa göndəriləcək."

Xəbər lenti