Xəzər Xəbər

Uşaqları hansı yaşda sünnət etdirməli - Həkimdən “Lazerlə ağrısız sünnət” mifini dağıdan açıqlama

Cəmiyyət | 11:22 • 20 Yanvar 2018
Uşaqları hansı yaşda sünnət etdirməli -

Doğulan hər oğlan uşağı üçün vacib məsələlərdən biri sünnətdir. Bəziləri sünnət etdirmək üçün ilk ayları seçsə də, bir qisim valideyn bunun üçün uşağın böyüməyini gözləyir.

Bəs sünnət üçün ən uyğun yaş hansıdır?

XəzərXəbər medicina.az-a istinadən xəbər verir ki, uşaq cərrahı Fuad Hüseynovun sözlərinə görə, bu əməliyyat üçün ən uyğun yaş seçimi 6 ay -2 yaş arası və ya 5 yaşından sonradır. Cərrah, 2-5 yaş arası uşağın fikrinin cinsiyyət orqanında olduğu üçün psixoloji travma ala biləcəyini bildirib.

Həkim valideynlərin, yeni doğulan uşaqların ağrını hiss etmədiyini düşündükləri üçün sünnəti ilk aylarda etməyə üstünlük verdiyini qeyd edib:

"Mənə ən çox verilən suallardan biri yeni doğulan körpələrin ağrını hiss edib-etməməsi ilə bağlıdır. Körpələr ağrını hiss edir. Sadəcə gücü zəif olduğu üçün bizə hiss etdirə bilmirlər. Həmçinin yeni doğulan zaman sünnət olunan uşaqların sonradan sidiyə getdiyi dəliyin daralma ehtimalı olur. Bu da ikinci əməliyyat deməkdir. Yeni doğum stresi yaşamış uşağa bir də sünnət stresi yaşatmaq məntiqsizdir”.

Hüseynov hazırda ən çox məşhur olan "lazerlə ağrısız sünnət”in sadəcə reklam xarakteri daşıdığını və belə bir şeyin olmadığını vurğulayıb:

"Lazerlə sünnət edilmir. Cərrahiyyədə qanaxmanı dayandırmaq üçün istifadə olunan elektrik bıçağına reklam məqsədilə yalandan lazer deyirlər. Dünyanın bütün inkişaf etmiş müsəlman ölkələrində hazırda yerli ağrısızlaşdırma ilə sünnət edilmir. Sünnət özü də cərrahi əməliyyatdır. Narkozdan oyanmaz deyə dediyimiz təhlükə maşınla yol gedərkən qəzaya düşməyimiz qədərdir”.

Xəbər lenti