Xəzər Xəbər

Salyanda 61 yaşlı kişi canavarı boğub öldürdü - FOTO

Region | 11:13 • 20 İyul 2017
Salyanda 61 yaşlı kişi canavarı boğub öldürdü -

Salyan rayonunun Xıdırlı kənd sakini, 1956-cı ildə anadan olmuş Qədirov Rəcəb Şahı oğlu ona hücum edərək ağır xəsarətlər yetirmiş canavarı əlləri ilə boğub öldürüb.

Hazırda Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilimiş Rəcəb Qədirovun virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, o ötən gün növbəsi çatdığından kəndin mal-qarasını otarmağa çölə aparıbmış. Hava açılar-açılmaz bir canavarın qoyunlara yaxınlaşdığını görərək onu əlindəki ağacla qovmağa başlayıb. Bundan qəzəblənən canavar ağacı dişləri arasında qıraraq Rəcəb kişiyə sarı tullanıb və onun boğazından yapışmaq istəyib. Rəcəb kişi arxaya çəkilərkən ayağı büdrəyib müvazinətini itirdiyindən canavar onun üzündən yapışaraq yerdə sürüməyə başlayıb. Bu vaxt çobanın köməyinə əvvəlcə qorxduğundan kənara çəkilmiş iti gəldiyindən canavar onu buraxaraq itə hücum edib. Rəcəb kişi də bundan istifadə edərək canavarın hülqumundan yapışıb və təxminən yarım saat buraxmayaraq onu boğub.

Hazırda Rəcəb Qədirovun vəziyyəti orta-ağırdır. Ona üz nahiyəsindən tikiş qoyulub və quduzluq əleyhinə peyvənd vurulub.

Xəbər lenti